• “Azərbaycanla hədə-qorxu dili ilə heç kim danışa bilməz” - Prezident İlham Əliyev

    “Azərbaycanla hədə-qorxu dili ilə heç kim danışa bilməz” - Prezident İlham Əliyev

    Prezident Füzuli şəhərinin təməlini qoydu, Azərbaycan və dünya ictimaiyyətinə mühüm mesajlar verdi: “Hamı üçün dərs olmalıdır, ibrət olmalıdır”

    Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.

    Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub.

    Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar, burada ağac əkiblər. Dövlətimizin başçısı ilk yaşayış binalarının təməlqoyma mərasimində iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

    Sonra dövlətimizin başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

    Prezident İlham Əliyev görüşdə çox əhatəli çıxış edib, Füzuli ictimaiyyətinin nümayəndələri ilə söhbətləşib, sakinləri dinləyib. Füzulinin azad olunmasının 1-ci ildönümü münasibətlə rayon ictimaiyyətinin təmsilçilərini təbrik edən Prezident bildirib ki, düz bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib: “Bu, tarixi hadisədir. Həmin an - 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa etdik. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi”.

    Prezident qeyd edib ki, müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi: “Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz.

    Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır".

    Füzuli şəhərinin azad edilməsinin bizə əlavə mənəvi güc verdiyini xatırladan dövlət başçısı deyib ki, Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi...

    “Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.

    Onu da deməliyəm ki, bizim uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Yəni, biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq.

    Bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki Füzuli ən çox dağıntılara məruz qalmış rayondur..."

    Prezident bəyan edib ki, Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar: “... Bu gün Füzuli şəhərinin baş planı təqdim ediləcək. Artıq mənə bu baş plan təqdim edildi. Bu gün bərabər bu plana baxarıq. Bizim mütəxəssislərimiz bu plan üzərində uzun aylar ərzində işləyiblər. Bu gün biz hamımız bu layihə ilə bir daha tanış olarıq. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulacaq.

    Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin - Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik...

    Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.

    Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq".

    Prezident onu da qeyd edib ki, döyüş meydanında qələbə üçün birinci amil vətənpərvərlik, Vətənə olan sevgi, məhəbbətdir. Bu amil bizim xalqımızı bundan sonra da yenilməz xalq kimi yaşadacaq: “Əsas vəzifəmiz, - əlbəttə, torpaqlarımızın qurulması, bərpası öz yerində, - gəncləri bu vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, onda bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz.

    Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin. Bizi hədələməyə çalışanlar indi haradadırlar, hər kəs bilir. Hamı üçün dərs olmalıdır, ibrət olmalıdır. Azərbaycanla diktat dili ilə, hədə-qorxu dili ilə heç kim danışa bilməz". Prezident sonda Füzulin azad olunması gününü müqəddəs gün adlandırıb və bu rayonun yenidən yüksək səviyyədə qurulacağını bildirib.

    Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər keçilən və keçiləcək yolu bir-birinə bağlayan, gələcəyə, daha böyük milli hədəflərə körpü salan, bütöv Azərbaycan xalqının iradəsini nümayiş etdirən yol xəritəsi adlandırmaq olar: “Xüsusilə əsas vəzifəmizin, - əlbəttə, torpaqlarımızın qurulması, bərpası öz yerində, - gəncləri bu vətənpərvərlik ruhunda böyütmək olduğunu xüsusi vurğulaması.

    “Çünki bu olmasa, onda bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz.

    Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin. Bizi hədələməyə çalışanlar indi haradadırlar, hər kəs bilir. Hamı üçün dərs olmalıdır, ibrət olmalıdır. Azərbaycanla diktat dili ilə, hədə-qorxu dili ilə heç kim danışa bilməz"-deməsi harada yaşamasından asılı olmayaraq, qəlbi Azərbaycan eşqi ilə döyünən hər bir soydaşımıza, həmvətənimizə ünvanlanmış, bətnində milli varlığımızın tarixi məcmusunu ifadə edən ismarıclardır. Ali Baş Komandanımız arzularımızın böyük olduğunu və bu arzuları Böyük Zəfərimiz kimi gerçəkliyə çevirmək üçün milli ruhumuzun bütövlüyünün qorunmasının vacibliyini vurğulayır, bizə uzaq hədəfləri nişan verir və əmin edir ki, bütün maneələri dəf etmək, bütün sədləri aşmaq iqtidarındayıq".

    Rubrika.Az


    Facebook-da paylaş