• ŞAHBAZ QULİYEV PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ — «Səhhətimin ağır durumda olmasına rəğmən bu “ev”də yaşamam sırf intihar etməmə bərabərdir» ŞİKAYƏT

    ŞAHBAZ QULİYEV PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ — «Səhhətimin ağır durumda olmasına rəğmən bu “ev”də yaşamam sırf intihar etməmə bərabərdir» ŞİKAYƏT

    2014-cü ilin iyulunda Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət edərkən 2 həmvətənimizin erməni silahlı qüvvələri tərəfindən əsir alınması tariximizin ağrılı səhifələrindəndir. Öz doğma vətənimizdə yağıların əsir aldığı yurddaşlarımız qondarma rejimin məhkəməsi tərəfindən mühakimə olunaraq həbsə atılmışdılar. Bu əslində bizim yurd həsrətimizə,vətən nisgilimizə qurulan məhkəmə idi. Şuşa həbsxanasına məhkum olunan bizim işğalda olan torpaqlarımızı azad etmək arzumuz idi. Bütün bunların əzabını, iztirabını 6 il 7 ay yaşayıb Şahbaz Quliyev. Öz vətənində əsir olmağın əzabını, öz yurduna düşmən pəncərəsindən həsrətlə boylanmağın iztirabını ondan yaxşı kimsə bilməz. Günahı vətən sevgisi, yurd həsrəti olub Şahbazın...

    Qarabağ müharibəsi onun bütün həyatından keçib, silinməz izlər qoyub. Ömür yolunda, sağlamlığında, xatirələrində. Hələ birinci Qarabağ savaşında ön cəbhədə düşmənə qarşı vuruşub. 1992-ci ilin ağır Cəbrayıl-Hadrut döyüşlərində ağır yaralansa da yenidən cəbhəyə qayıdaraq mübarizəni davam etdirib.

    Birinci Qarabağ savaşındakı məğlubiyyətimizdən sonra yağı tapdağında olan torpaqlarımızı görmək, o yerləri ziyarət etmək arzusu heç vaxt rahat buraxmayıb Şahbazı. Elə 2014-cü ildə onu itirdiyimiz yurd yerlərinə aparan da bu həsrət, nisgil idi. Və bunun əzabını o 6 il 7 ay öz torpağında düşmən zindanında çəkməli olub. Sağlamlığını, gəncliyini, arzularının çoxunu itirsə də Azərbaycanın Ali Baş Komandanına, qəhrəman əsgərinə olan inamını itirməyib.

    44 günlük müharibədə qazanılan şanlı qələbəmizdən sonra əsirlikdə olan həmvətənlərimiz kimi Şahbaz Quliyev də vətənə qayıtdı. İlahi ədalətin təntənəsiydi bu. Vətən sevgisinin, doğma torpaqlara qayıtmaq arzusunun qələbəsiydi Şahbazın əsirlikdən dönməsi.

    Amma öz yurdunda əsir olmağın illərlə əzabını yaşayan Şahbaz bu gün biganəliyin, baxımsızlığın girovuna çevrilib. Düşmən əlində sağlamlığını,ömrünün qiymətli illərini itirən həmvətənimiz dövlət qurumlarının biganəliyindən, baxımsızlığından əziyyət çəkir. Amma yenə də ümidlidir. Əsirlikdə hər gün ona yaşamaq inamı bəxş edən Azərbaycan dövlətinə, onun başçısı cənab İlham Əliyevə inanır. Elə bu inamla da Şahbaz Quliyev cənab Prezidentə müraciət ünvanlayıb.

    “Möhtərəm Prezident !

    Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasət nəticəsində tarixi ədalət zəfər çaldı, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız azad olundu. Dədə-baba torpaqlarımızda mənfur erməni cəlladlarının necə at oynatmasını, ağalıq etməsini yaxından görmək əzabını mən 6 il 7 ay yaşamışam. Bu illər ərzində bir an da olsun dövlətimə, şəxsən sizə və qəhrəman Azərbaycan əsgərinə olan inamımı itirmədim. İnanırdım ki, nəhayət bu torpaqların əsl sahibləri kimi biz öz doğma torpaqlarımıza qayıdacağıq. 44 günlük Vətən müharibəsində sizin komandanlığınızla müzəffər ordumuzun qazandığı böyük qələbə işğalda olan torpaqlarımız kimi mənə də ikinci həyat bəxş etdi. Hər bir Azərbaycan vətəndaşının qarantı olduğunuz kimi mənim vətənə dönüşüm də sizin cəsarətinizin, humanizminizin nəticəsidir. Buna görə sizə bütün həyatım boyu minnətdar olacağam.

    Mən birinci Qarabağ savaşının iştirakçısıyam. Müharibədə mənfur düşmənlərimizə qarşı vuruşmuş, 1992-ci ildə ağır yaralansam da yenidən cəbhə xəttinə qayıdaraq döyüşləri davam etdirmişəm. Bu gün də sizin əmrinizlə hər an vətən uğurunda mübarizəyə sıravi əsgər kimi qatılmağa hazıram. Sizin kimi Ali Baş Komandanın əsgəri olmaq hər bir azərbaycanlı kimi mənim üçün də böyük şərəfdir.

    Vətənində azad yaşamaq hər bir insan üçün xoşbəxtlikdir. Amma əsirlikdən sonra dövlət strukturlarının mənə qarşı biganə münasibəti ruhumu sarsıdır. Aldığım fiziki və mənəvi travmalardan sonra bu biganəlik ağır gəlir. DTX-nın hospitalında müalicə olunuram. Səhhətimdə ciddi problemlər olmasına baxmayaraq mənə əlillik dərəcəsi verilmir. Həmçinin indiyə qədər dövlət tərəfindən heç bir yardım və ya müavinət ayrılmayıb. Ailəm də heç bir yardım almayıb. Səhhətimdə ciddi problemlər var. Bütün bunlar onsuz da ağır olan vəziyyətimi bir az da çətinləşdirir.

    Müşviqabad qəsəbəsində dövlət tərəfindən mənə verilən mənzil yaşayış üçün tamamilə yararsızdır. Bu “ev” adlanan tikilidə mal-qara saxlamaq belə mümkünsüzdür. Səhhətimin ağır durumda olmasına rəğmən bu “ev”də yaşamam sırf intihar etməmə bərabərdir.

    Cənab Prezident !

    Mən sizə birinci Qarabağ müharibəsi qazisi, eləcə də düşmən əlində min-bir əzablar çəkmiş keçmiş əsir kimi müraciət edirəm. İndiyə qədər müharibə iştirakçısı statusum tanınmayıb, qazilərin istifadə etdiyi hüquqlardan məhrumam. Heç bir dövlət strukturu mənimlə maraqlanmır, yalnız DSMF-nin əməkdaşları gəlib fotoşəkil çəkdirib gedirlər. Bu ağır durumumda son ümid və güman yerim kimi sizə müraciət edirəm. Hüquqlarımın qorunması, qazi statusumun verilməsinə yardım edəcəyinizə varlığımla inanıram. Mən həyatın çox böyük əzablarını yaşamışam. Amma öz vətənində biganəliklə üzləşmək, halal haqqına sahiblənə bilməmək çox ağırdır. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu hər zaman sübut etmisiniz. Düşmən əlində olarkən belə sizə olan inamım bir an da olsa sarsılmadı. Bu dəfə də məni bu çətinlikdən xilas edəcəyinizə inanıram. İnanıram ki, çəkdiyim acılardan sonra doğma Vətənimdə nəhayət ki, xoş günlər yaşamaq da qismətimdə olacaq. Öncədən sizə minnətdarlığımı bildirirəm !”

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş