• Bakıda torpaqları zəbt edən şəbəkə ilə sahibkarların mübahisəsi davam edir - VİDEO

    Bakıda torpaqları zəbt edən şəbəkə ilə sahibkarların mübahisəsi davam edir - VİDEO

    “2007-ci ildə təsis edilən ictimai birliyə 2000-ci ildə sərəncam necə verilə bilərdi?!”

    Bakının Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yaşıllıq sahəsi və piyada səkisinin zəbtinə olan cəhdlər barədə yazmışdıq. “Bakıda torpaqları zəbt edən saxta əlillər şəbəkəsi haqda şok faktlar” sərlövhəli yazıdan sonra “”Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyindən yazdıqlarımıza reaksiya verilmişdi. İctimai Birlikdən “Yeni Müsavat”a göndərilən açıqlamada torpağın zəbt edilmədiyi iddia olunur, konkret suallara aydınlıq gətirilmirdi.

    “Sözügedən torpaq sahəsinin təşkilatımıza aid olmasını təsdiq edən çıxarış, texniki pasport və məhkəmə qərarları var. Burada yazılmış bütün məsələlər həqiqəti əks etdirmir” - deyə ictimai birliyin açıqlamasında qeyd olunurdu.

    Zəbtinə hazırlıq görülən Dərnəgül-1 və Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yaşıllıq sahəsi və piyada səkisi “Magistral Ekspress” ASC-nin giriş-çıxış qapısı və orada fəaliyyət göstərən sahibkarların iş yeri önündədir. Həmin ərazi ilə üz-üzə olan piyada səkisi və yaşıllıq sahəsi illər öncə zəbt edilib. Bu gün ərazidə makler Yusif Abdullayevin obyekti fəaliyyətdədir. Kiçik sahibkarlar “Yeni Müsavat”a deyiblər ki, ictimai birlikdən verilən cavab əsassızdır: “Deyirlər ki, əlimizdə çıxarış var. Əllərində olan, sənəd dedikləri icarə müqaviləsindən çıxarışdır. Həmin icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakı Şəhər İcra Hakimiyyətindən guya 2000-ci ildə verilən 646 saylı sərəncama əsaslanaraq verib. Əslində isə 646 saylı sərəncam ümumiyyətlə verilməyib, mövcud deyil. Bunu vəkillərimizin Bakı Şəhər İcra Hakimiyyətinə verdiyi sorğuya əsasən cavabdan da görmək olur. ƏMDK faktiki olmayan sərəncama əsasən ”Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi ilə icarə müqaviləsi bağlayıb.

    Bundan başqa, saxtalığı göz önündə olan sərəncam guya 2000-ci ildə verilib. “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi isə 2007-ci ildə təsis edilib. 2007-ci ildə təsis edilən ictimai birliyə 2000-ci ildə sərəncam necə verilə bilərdi?

    Biz baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə bu məsələnin araşdırılması üçün məktub yazmışıq.

    Sərəncam verilsəydi belə, 3 il qüvvəsi var. Bunu qanun deyir. Yəni anadan olmayan uşağa 7 il əvvəldən metrika verilməsini qəbul etsək belə, mahiyyət dəyişmir. Sərəncam saxta olmasaydı, yenə qüvvədən düşmüş, qanunsuz olacaqdı.

    Həmin torpaq sahəsinə ümumiyyətlə ƏMDK-nın icarə müqaviləsi bağlamağa səlahiyyəti yox idi.

    Vəkillərimizin ƏMDK-ya yazdıqları sorğuya 12 iyul 2021-ci il tarixində 210120206590 nömrəli cavab verilib. Həmin cavabda yazılır:



    “Bakı şəhər, Nərimanov rayonu, Dərnəgül-1 küçəsi və Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı ”Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi ilə bağlanmış müqavilənin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Baş Prokurorluğundan daxil olmuş müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılıb.

    Bununla əlaqədar olaraq bildiririk ki, torpaq icarəsi haqqında qanunvericiliyin tələblərinə əsasən, dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi lahiyələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) İcarəyə verilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyi üçün müraciətinizdə qeyd edilən torpaq sahəsinə dair təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında, Bakı Şəhər İcra Hakimiyyətinin 20.07.2020-ci il tarixli sərəncamı və 10.09.2008-ci il IHIIXII 7-5395/17 nömrəli məktubu və bu məktuba əsasən ayrılmış torpaq sahəsi haqqında Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 05.02.2020-ci il tarixli 1/111 nömrəli məktubu nəzərə alınaraq, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə icarə müqaviləsi bağlanıb".

    Kiçik sahibkarlar deyir ki, ƏMDK-dan verilən cavabda faktiki olaraq yaşıllıq zonası və səkiyə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə qanunsuz icarə müqaviləsi bağlandığı təsdiqlənir: “Belə ki, ƏMDK torpaq icarəsi haqqında qanunvericiliyin tələblərindən kənara çıxıb. İcra müqaviləsinin bağlanması üçün ƏMDK-nın məktubunda sadalanan heç bir əsas faktiki olaraq yoxdur və olsaydı belə, zəbt etməyə çalışdıqları yerə aid ola bilməz.

    Qanunvericiliyə görə icarə müqaviləsi dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi lahiyələşdirilmiş ərazi üçün bağlana bilər. İctimai birlik bu kateqoriyaya aid deyil. Habelə, icra müqaviləsi - üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara bağlana bilər (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla). İctimai birlik bu kateqoriyaya da aid deyil.


    Ərazi dövlətə məxsus səki və yaşıllıq zonasıdır.

    Ərazi faktiki olaraq heç bir zaman “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin istifadəsində olmayıb. Yazırlar ki, texniki pasportumuz var.

    Bu da yalandır. Texniki pasport kimi təqdim etdikləri “Bakı torpaq” LLC-dən aldıqları bir çertyojdur. Həmin çertyoju da ƏMDK-ya təqdim ediblər. Belə görünür ki, orada da mütəxəssisləri ya aldadıblar, ya da ələ ala biliblər.

    Bundan başqa, yazırlar ki, guya əllərində məhkəmə qərarları var. Bu da yalandır. Əllərində Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Rauf qızı Əliyevanın əsassız bir qərardadı var".


    Kiçik sahibkarlar deyir ki, iş üzə 4 instansiyada məhkəmə çəkişməsi var: “Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyeva daha çox qarşı tərəfə vəkillik edib. Biz məhkəmədə israrla hakimdən 2007-ci ildə təsis edən ictimai birliyə 2000-ci ildə sərəncamın necə verilməsinin araşdırılmasını istədik. Bu sualın cavabı birbaşa böyük bir cinayətin üstünü açacaqdı. Lakin Leyla Əliyeva bu suala aydınlıq gətirməkdən yayındı. Bizə ictimai birlikdən açıq-aşkar deyirlər ki, bu torpağın zəbtində icra başçısının sosial məsələlər üzrə müavini İradə Mahmudova maraqlıdır. Bizdə məlumat var ki, bu işdə - yəni dövlətə məxsus torpağın zəbt olunmasında ictimai birlik başbilənlərinə digər vəzifəli şəxslər də dəstək verirlər. Onların adları da bizə məlumdur və bəzi dəqiqləşdirmələrdən sonra həmin şəxslərin də adlarını ölkə rəhbərliyinə məlum edəcəyik. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz məktubları ilə ictimai birlik sədri Qurban Məmmədova hərəkətlərinin qanunsuz olduğunu bildiriblər. Hakim Leyla Əliyeva İradə Mahmudovanın xalası qızının gəlinidir. Bu qohumluq əlaqələri hesabına bizim iş yerimizin önünü bağlamaq, dövlətə məxsus olan torpağı zəbt etməyə çalışırlar. Baxmayaraq ki, o ərazi piyada səkisi və yaşıllıq zonasıdır. ”Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin sədri Qurban Məmmədovla bağlı da əlimizdə məlumatlar var. Onun əvvəllər oxşar əməllərinə görə istintaqa cəlb olunaraq məhkum edildiyi bildirilir. Saxta sənədlərlə torpaqların zəbt olunması, insanların etibarından sui-istifadə etmələri də göz qabağındadır".

    Kiçik sahibkarlar hüquq-mühafizə orqanlarının rəhbərlərindən saxta əlil şəbəkəsi ilə bağlı araşdırma aparılmasını, müvafiq qanuni tədbirlər görülməsini xahiş ediblər.(musavat.com)

    Rubrika.Az


    Facebook-da paylaş