• Qlobal güclərin oyununda “piyada”lar: İrəvan yenə odla oynayır - TƏHLİL

    Qlobal güclərin oyununda “piyada”lar: İrəvan yenə odla oynayır - TƏHLİL

    44 günlük müharibədə darmadağın edilən Ermənistan ordusunun qalıqları tərəfindən sərhəd bölgələrindəki mövqelərimiz atəşə tutulmağa davam edir. Xüsusən də Naxçıvan istiqamətində düşmənin mütəmadi fəallığı hiss olunmaqdadır. Şübhə yox ki, bununla xain qonşular ən əvvəl Azərbaycanla Ermənistan arasında münaqişənin bitmədiyi haqda rəy formalaşdırıb beynəlxalq birliyi çaşdırmaq, diqqəti təzədən regiona cəlb eləmək və bu zaman “bulanıq suda balıq tutmaq” sevdası ilə yaşayırlar.

    Hədəflər arasında sözsüz ki, iki ölkə arasında bir-birinin ərazi bütövlüyünü tanımağa əsaslanan sülh müqaviləsinin imzalanmasını əngəlləmək, 10 noyabr kapitulyasiya aktının reallaşmasını ləngitmək öndə gəlir. Əlbəttə ki, İrəvan təkbaşına bunlara nail olmaq gücündə deyil. Odur ki, havadarlarının sayını çoxaltmağa, özünü təzədən “satışa” çıxarmağa çalışır...

    *****

    Bu arada Ermənistan uğrunda böyük güclərin rəqabəti güclənib. Xüsusən də Fransanın Ermənistanın düşdüyü mövcud durumdan, oradakı anti-Rusiya ovqatından yararlanıb bölgədə öz maraqlarını irəlilətmək cəhdləri diqqət çəkir. Hətta rəsmi Parisin Ermənistanı Rusiyanın əlindən almağa hazırlaşması haqda ehtimallar səslənməyə başlayıb.

    Bu qəbildən fikirlər əsasən Rusiya mediasında yer almaqdadır. İddialara görə, Fransa və Ermənistan pərdə arxasında 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı qüvvədən, Rusiyanı isə gözdən salmaq, köhnə status-kvonu bərpa eləmək, habelə Azərbaycanı fakt qarşısında qoyub iki ölkə arasında sərhədə (gələcəkdə isə Qarabağa) fransız hərbi kontingenti gətirmək üçün birgə planlar qurur.

    Az öncə Avropa İttifaqı Şurasının Prezidenti, Fransa prezidenti Emmanuel Makronun dostu, əslən fransız olan Şarl Mişelin bölgəyə səfərini Ermənistandan başlaması, bir qədər sonra Makronun özünün də İrəvana səfərə hazırlaşması barədə yayılan məlumat siyasi müşahidəçilərin bu yöndə qənaətlərini möhkəmlədib. Ancaq təhlilçilər xəbərdarlıq edirlər ki, İrəvanın şirniklənib girişdiyi, Azərbaycan, hətta Rusiya əleyhinə qurulan bu oyunda Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan yalnız böyük siyasətin “piyadası” rolunu oynaya bilər. Böyük oyunçuların sonda bu cür “piyadalar”la necə davrandıqları isə bəllidir...

    *****

    “Ermənilər mənfur millətdir və siyasətçiləri də erməni xalqından çox, ayrı-ayrı dairələrin maraqlarına xidmət edirlər”.

    Bu sözləri deputat, BAXCP sədri Qüdrət Həsənquliyev Musavat.com-a müsahibəsində deyib.

    “İndi də ermənilər arxayındırlar ki, Ermənistan KTMT-nin üzvü olduğu üçün Azərbaycan bu ölkənin ərazisinə daxil ola bilməz, o halda Rusiya ilə üz-üzə gəlməli olacaq, orada da Rusiyanın hərbi bazası var. Eyni zamanda hesab edirlər ki, Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə girə bilməz, Rusiya sülhməramlılarının olması səbəbindən. Ona görə arxayındırlar ki, Azərbaycanın bunları cəzalandırmaq imkanları yoxdur. Bu səbəbdən qudurublar”, - deyə o qeyd edib.

    Onun sözlərinə görə, belə düşünməkdə onların əsasları var: “Çünki indi sülhməramlıların başının üzərindən Xankəndində hər hansı əməliyyat keçirmək imkanımız yoxdur, eynilə də Ermənistanda”.

    Siyasətçi hesab edir ki, Azərbaycan yaranmış vəziyyətlə bağlı təcili KTMT üzvü olan ölkələrə rəsmi, yazılı müraciət etməlidir ki, Ermənistan öz ərazisindən Azərbaycanın mövqeləri və yaşayış məntəqələrinə atəş açır və biz cavab vermək məcburiyyətində qalacağıq, odur ki, siz təcili surətdə Ermənistanla danışıb, onların təxribatçı fəaliyyətini dayandırmalısınız: “Eyni zamanda Rusiya qarşısında məsələ qoymalıyıq ki, 10 noyabr 2020-ci il tarixli atəşkəs haqqında birgə bəyannaməyə əsasən, erməni hərbi birləşmələri Qarabağdan çıxmalı idi. Deməliyik ki, siz bu öhdəliyin yerinə yetirilməsini təmin etmirsinizsə, o halda biz həmin atəş nöqtələrini susdurmaq məcburiyyətində qalacağıq. Mən elə erməni mənbələrinə istinadən deyirəm ki, bu gün Qarabağda 15-18 minə qədər silahlı var. Onlar təcili surətdə tər-ksilah edilməli və Qarabağdan çıxarılmalıdır. Bu olmayacağı təqdirdə ruslara deməliyik ki, əgər siz erməni silahlılarının təxribatlarının qarşısını ala bilmirsinizsə, artıq bizim başqa seçim imkanımız qalmır”.

    Deputatın sözlərinə görə, ermənilər arxayındır ki, rus hərbçiləri buradan çıxıb gedən deyil və öz imiclərini qorumaq üçün mütləq Azərbaycanın qarşısını alacaqlar, antiterror əməliyyatlarının keçirilməsinə imkan verməyəcəklər.

    “Paşinyan qərbyönümlü siyasətçidir və erməni xalqının da böyük bir qismi qərbyönümlüdür. Hətta Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra Rusiyanın dəstəklədiyi şəxsə səs vermədilər, qərbyönümlü Paşinyanı müdafiə etdilər. Yəni artıq erməni xalqı Rusiyaya arxa çevirib. Amma Rusiyanın düşdüyü siyasi və hüquqi vəziyyəti anladıqlarından bilirlər ki, ruslar öz imiclərini qoruyub-saxlamaq üçün bunları müdafiə etməyə və Azərbaycanın sərt addımlar atmasının qarşısını almağa məcbur olacaqlar” - partiya sədri əlavə edib.

    Ermənilərdə bu əminliyin nə dərəcədə ciddi olduğu yəqin ki, yaxın zamanlarda bilinəcək. Hər halda, Azərbaycan dövləti, rəsmi Bakı kapitulyasiya edən Ermənistana vaxt uzatmaq üçün yenə şans tanımaq niyyətində deyil...

    Rubrika.Az


    Facebook-da paylaş