• Qarayevin etmədiyini Qarmaş etdi - bir istefanın əks-sədası

    Qarayevin etmədiyini Qarmaş etdi - bir istefanın əks-sədası

    Qarmaşı Azərbaycanda sənətlə maraqlanmayan çoxları tanımır yəqin. Rusiyanın ən adlı-sanlı “Sovremenniki” teatrının aktyoru Sergey Qarmaşı deyirəm... Çoxsaylı filmlərdə də çəkilən aktyor ən yaxşı sözlərə layiqdir.

    Qarmaşın 40 ildir işlədiyi teatrı bu gün-iyulun 31-də tərk etmək barədə bəyanatı təkcə Rusiyanın mədəni həyatında deyil, siyasi cameəsində də “qəfil partlamış bomba” effekti yaradıb. Niyə həm də siyasət? Çünki hələ də elə ölkələr var ki, orada mədəniyyət siyasətlə də sıx bağlıdır, daha doğrusu, siyasət öz soyuq əlləri ilə yaradıcı adamların yaxasından möhkəm yapışıb, onlara özlərinin hakimiyyət uğrunda oyunlarında da “rol verib”. Təəssüf ki, bu, yaradıcılıq mühiti qismən azad olan Rusiya üçün də istisna deyil. Hakimiyyət onlara boyun əyən( məsələn, hamının tanıdığı aktyor Vladmir Maşkov kimi) və tənqid edən (məsələn, hamının tanıdığı Alla Puqaçova kimi) mədəniyyət adamlarını mükafat verəndə seçdirir, onları önə çəkir. Amma hakimiyyətlə bir yerdə olmayanları sevməsə də, “boğmur” da, qismən yaradıcılıq azadlığı verir, hətta mövqeyinə yeri gələndə hörmət də edir...Bildiyim qədər, Qarmaş onların heç birindən deyil, o sadəcə, aktyordur.

    Bəs istefaya səbəb nədir? 1977-ci ildən “Sovremennik”in bədii rəhbəri olan Qalina Volçekin (o da tanınmış sovet aktrisalarından olub) vəfatından sonra teatra yeni rəhbər təyin ediblər. Pandemiyaya baxmayaraq, 6 ay əvvəl təyinat almış yeni rəhbər qarderobçu və tetrda bu kimi texniki işçiləri ixtisara salıb. Teatrın yaradıcılarından olan Volçekin az qala yarım əsr oturduğu kabinetinə dərhal sahiblənib, onun xatirəsinə hörmətsiz yanaşıb, hətta mərhumun 40 gününü belə gözləməyib. Teatrın gənc truppasının iştirakı ilə faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı hazırlanmış video-çarxa da yeni bədii rəhbər müdaxilə edib, müharibədə ölənlərin ruhuna təhqir olan bəzi əlavələr edilib, istəmədiyi yerləri isə “kəsib”. Qarmaş istefasında teatrda yaranmış "dəhşətli vəziyyəti" qeyd edib, yeni bədii rəhbəri təyin edən məmurların isə bəzi aktyorların “ağzını yumduğunu” iddia edib və istefaya gedib. Rusiya mediası yazır ki, bu, bir aktyorun istefası deyil, bu bir etiraz və “Sovremenniki”n afişasının çökməsi deməkdir. Çünki bütün gəlir gətirən tamaşalarda məhz Qarmaş rol alır, rus mədəni elitası ona baxmağa gəlir.

    ...Mədəniyyətə ayrılan milyonları müavini və yaxın adamları ilə mənimsədiyi şübhə doğurmayan sabiq nazir Əbülfəs Qarayevin işdən öz istəyi ilə getmək barədə ərizə yazmağa cəsarəti çatmadısa, Qarmaşın istefası ilə bizim “mədəni mühit”i nə təsirləndirmək, nə təəccübləndirmək mümkündür. Necə ki, Azərbaycanın müasir dövrünün ən istedadlı aktyoru Fəxrəddin Manafov 2 il əvvəl Rus Dram Teatrından istefasını Qarayevin rəhbərlik etdiyi nazirliyin “təəssüflə qarşılamaqdan” başqa əlindən heç nə gəlməmişdi. O istefanın təfərrüatı haqda Manafovun rusdilli oxuculara müraciətindən tanışam. Direktorun katibəsinin özünü “teatrın sahibəsi” kimi aparmasından tutmuş, yaradıcı mühitin cansıxıcı olmasına qədər istefaya səbəb kimi yazıldığını xatırlayıram. Manafov təkcə aktyor kimi deyil, şəxsiyyət kimi də ciddi fiqur olan Fuad Poladovun vəfatından sonra təklənmiş kimi görünürdü və ona dəstək olaraq teatrdan gərək ki, başqa gedən də olmadı.

    Azərbaycan Rusiya kimi zəngin teatr ənənələrinə malik deyil-nə sovet hökuməti vaxtı, nə də indi. Bunları müqayisə etməyə heç gərək də yoxdur. Amma elə məsələlər var ki, bu teatrların sayından, yaşından, qarderobundan, hətta aktyorların istedadından asılı məsələ deyil. O da şəxsi keyfiyyətdir, şəxsiyyətdir qısası.

    Teatrların qapıları 6 aydan çoxdur bağlıdır. Mədəni həyat pandemiya səbəbindən hər yerdə dərin böhrandadır. Azərbaycanda zatən insanları teatrdan, aktyorlardan çoxdan küsdürmüşdülər. İndi isə bu məsafə daha da artıb. Aktyor və artistlər özlərini veriblər siyasətə. O gün saytlarda oxudum ki, hansısa xalq artistinin 1 milyon izləyicisi varmış sosial şəbəkədə.

    Son vaxtlar qalmaqallı açıqlamaları ilə gündəmə gələn xalq artisti Afaq Bəşirqızının Musavat.com-a son müsahibəsində adını çəkmədiyi əməkdar artistin evlərdə təmizlikçi işlədiyi, bir başqa artistin yuyucu tozu 50 qəpik bahasına satmaq üçün küçələrə düşdüyü haqda dedikləri də üzücüdür və bu gedişlə də çətin ki, tezliklə mədəni mühitimizin “tozu silinsin”...

    Aktyor səhnədə olmalıdır, səhnədə...Həm şəxsiyyəti, həm sənəti ilə səhnədə olmalıdır. Səhnə isə Qarmaşın da istefası ilə sübut etdiyi kimi, təkcə yazılmış ssenari, oyun deyil. Səhnə həm də həyatın özüdür...

    P.S. Təsadüfə bax, Manafovla bağlı internetdə axtarış verəndə öyrəndim ki, avqustun 2-də onun doğum günüdür. Təbriki haqq etmiş...(musavat.com)

    Rubrika.az


    Facebook-da paylaş