• Ermənistan və havadarlarına göz dağı olan təlimlər

    Ermənistan və havadarlarına göz dağı olan təlimlər

    Bakı-Ankara hərbi müttəfiqliyi yeni mərhələdə; hərbi ekspert: “İki ordunun döyüş şəraitində vahid şəkildə hərəkəti məşq edilir”; politoloq: “Azərbaycana qarşı istənilən həmlə artıq Türkiyəyə də həmlə kimi qəbul ediləcək...”

    İyulun 29-dan ölkəmizin ərazisində Azərbaycanla Türkiyə arasında hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

    Gözlənildiyi kimi, təlimlərə hələ start verilməmiş Ermənistanda ciddi təlaş, hay-küy, Azərbaycan və Türkiyə əleyhinə qarayaxma kampaniyası başlayıb. Məsələn, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) son şərhində Azərbaycanın Türkiyə ilə birgə keçirəcəyi hərbi təlimi həyasızcasına “bölgədə vəziyyətin gərginləşməsinə yönələn təxribat” kimi qiymətləndirilir. Hərgah, özünün işğalçı və təxribatçı siyasəti ilə regionu hansı ölkənin qarışdırdığı, hansı ölkənin regional sülhə əsas təhlükə olduğu bütün dünyaya gün kimi aydındır. 12 iyul tarixində Tovuz istiqamətində Ermənistanın təxribatçı hücumu bunun bariz sübutudur. Qonşu ölkə ərazisinin 20%-ni illərdir işğal altında saxlayan bir ölkənin həmin qonşu ölkəni təxribatda suçlaması isə siyasi abırsızlığın (sinizm) ən yüksək zirvəsi sayıla bilər.

    Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan bir az da qabağa gedərək bəyan edib ki, Türkiyə keçən əsrin əvvəllərində olduğu kimi, Güney Qafqaza nəzarət etməyi hədəfləyib. “SSRİ-nin parçalanmasından sonrakı 30 ildə Türkiyə hakimiyyəti hər gün bu arzunu reallaşdırmaq üçün çalışır”, - deyə o qeyd edib. Paşinyan ənənəvi erməni xislətinə uyğun olaraq bunun qarşısını almaq üçün Rusiyanı da təhrik edib: “Əgər bu baş versə, rusiyalılara aydındır ki, Türkiyənin sonrakı geosiyasi hədəfləri nə olacaq”.

    Yəni ki, Şimali Qafqaz məsələsi. Ermənilərin zaman-zaman bölgədə ara qarışdırıcı rol oynaması bu sitatdan apaydın görünür.

    *****

    Sözsüz ki, rəsmi İrəvanın qabaqdan gəlmişliyini və ikiüzlü bəyanatlarını rəsmi Bakı cavabsız qoymayıb.

    “Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bildirdiyi kimi, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir”.

    Bunu Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. “Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”, - XİN rəsmisi vurğulayıb.

    Azərbaycan XİN-in bu açıqlaması, təbii ki, həm də Rusiyaya ünvanlanıb. Hansı ki, az öncə Ermənistan silahlı qüvvələri ilə birgə PUA-ların vurulması üzrə ortaq təlim keçirmişdi. Söhbətin hansı ölkənin PUA-larından getdiyi, yəqin ki, aydındır.

    Siyasi və hərbi analitiklər hazırkı gərgin dönəmdə Azərbaycan-Türkiyə ortaq təlimlərinin önəminə xüsusi diqqət yönəldirlər.

    *****

    “Ermənistanın son təxribatları bir daha göstərdi ki, İrəvan müharibə zamanı əvvəlcə Azərbaycanın meqa-layihələrini hədəfə ala bilər. Bunun qarşısını almaq isə ordumuzun əsas vəzifəsidir”.

    Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə keçiriləcək genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri haqda danışarkən deyib.

    Bu gün Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır

    Onun sözlərinə görə, birgə təlimlərin keçirilməsinin bir neçə səbəbi var: “Birincisi, təlimlər zamanı iki ölkənin ordusu ”Bir millət, iki dövlət" prinsipinə arxalanır. Bu, o deməkdir ki, iki ordu döyüş şəraitində vahid şəkildə hərəkət edə, birlikdə aktiv döyüş əməliyyatlarını icra edə bilər. Bunun üçün də vahid komandanlıq və döyüş planı əsasında işlər aparılır. Təlimlərin bir məqsədi də Azərbaycanın meqa-layihələrinin təhlükəsizliyidir. Çünki Azərbaycan regionun meqa-layihələrinin birbaşa icraçısıdır. Bu layihələrdə Türkiyənin də kifayət qədər marağı var və şübhəsiz, Bakı qədər Ankara da bunların təhlükəsizliyini düşünür. Bu mənada iki ölkənin qoşunları birgə təlimlər zamanı müdafiə məsələlərinə də diqqət ayırır. Üçüncüsü, təlimlər iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Bənzər təlimlər Türkiyə ərazisində də keçirilir. Bu da iki Ordunun həm Türkiyə, həm də Azərbaycanın relyefinə uyğunlaşma və döyüş qabiliyyətini təkmilləşdirmə imkanlarını artırır".

    *****

    Əlbəttə ki, Qarabağ münaqişəsi və İrəvanın işğalçı siyasəti olmasaydı, belə təlimlərə bəlkə də lüzum olmazdı. Ancaq məsələ ondadır ki, nə İrəvan öz ilhaqçı və işğalçı siyasətindən əl çəkmək istəyir, nə də onun sahibi Rusiya onu ağla gətirmək. Rəsmi Ankaranın ən çox qayğılandıran da budur.

    Təsadüfi deyil ki, Türkiyə və Rusiya prezidentləri arasında son telefon danışığı zamanı ilk dəfə olaraq, Suriya, Liviya məsələləri ilə yanaşı, Azərbaycan-Ermənistan konflikti, Qarabağ məsələsi də diqqət mərkəzində olub. Danışıqların təşəbbüskarı isə prezident Rəcəb Tayyib Ərdoğan olub.

    Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris ...

    “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluya görə, təşəbbüskarlığın Ankaradan gəlməsi onu göstərir ki, məhz Ərdoğan rusiyalı həmkarı Putinlə Azərbaycan-Ermənistan qarşıdurmasını müzakirə etmək istəyib. Onun fikrincə, Rusiya rəhbəri Dağlıq Qarabağ ixtilafının həllinə heç vaxt maraq göstərməyib: “Buna dair, sadəcə, iki misal göstərmək olar. Birincisi, Vladimir Putin bir neçə il əvvəl Moskvada geniş mətbuat konfransı keçirirdi. Mətbuat konfransında iştirak edən azərbaycanlı jurnalistlərdən biri tədbir boyu Rusiya prezidentinə israrla sual vermək istəyirdi. Mətbuat konfransı bitdikdə ayağa qalxan Putin azərbaycanlı jurnalistin israrını müşahidə edərək ayaqüstü ona kinayəli şəkildə belə cavab vermişdi: ”...yəqin yenə Qarabağdan sual verəcəksiniz". Bu cavabın özü Qarabağ mövzusunun Kreml sahibi üçün maraqsız olduğunu göstərirdi.

    İkincisi, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bir neçə il əvvəl rusiyalı həmkarı ilə görüşdükdə müxtəlif mövzularla yanaşı, Qarabağ mövzusunu müzakirə etmək istədikdə Putin ona qısaca belə demişdi: “Bu, çox mürəkkəb məsələdir”. Putin bununla faktiki Ərdoğana demək istəmişdi ki, mən Səninlə Suriyanı müzakirə etməyə hazıram, ancaq Cənubi Qafqazdakı əsas problemi səninlə müzakirə etməyə marağım yoxdur. Başqa sözlə, Kreml Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığını qəbul etmirdi".

    Ancaq politoloqa görə, artıq durum dəyişib. “Kreml istəməsə belə, Türkiyə Cənubi Qafqazda əsas oyunçulardan birinə çevrilib. Bunun bir səbəbi Azərbaycanla Türkiyə arasındakı strateji münasibətlərin inkişafıdırsa, ikinci səbəbi Azərbaycanın iştirakçısı olduğu böyük enerji və nəqliyyat layihələrinin Türkiyəyə uzanmasıdır. Yəni Azərbaycana qarşı istənilən həmlə Türkiyənin təhlükəsizlik maraqlarına toxunur və Ankara baş verənlərə seyrçi qala bilməz. Türkiyə bundan sonra Azərbaycanın milli və təhlükəsizlik maraqlarına toxunacaq proseslərdən kənarda qala bilməz və qalmayacaq. Bu səbəbdən Tovuz istiqamətindəki döyüşlərə ən sərt reaksiya verən dövlət məhz Türkiyə oldu. Türkiyənin rəsmiləri sərhəddəki döyüşlər fonunda açıq şəkildə dedilər ki, Azərbaycana istənilən hərbi dəstəyi verməyə hazırdırlar. Bu, işğalçı Ermənistanla yanaşı, həm də Rusiyaya ciddi mesaj idi. Buna görə də artıq Rusiya prezidenti də anladı ki, Türkiyəni Cənubi Qafqazdakı proseslərdən kənarda saxlamaq fiziki baxımdan mümkün deyil”, - deyə ekspert qeyd edib.

    Elxan Şahinoğlu əlavə edib ki, Ərdoğan Putinə telefon zəngindən bir neçə saat əvvəl vacib strateji gediş edib, Türkiyənin ordu birlikləri Naxçıvana daxil olub və bununla Kreml fakt qarşısında qalıb: “Bundan başqa, Türkiyə Azərbaycanla birgə ölkə boyu geniş hərbi təlimlərə başlayır. Türkiyə bir sıra ölkələrdə olduğu kimi, bir anda Cənubi Qafqazda da oyun qurucusuna çevrildi. Bu vəziyyətdə Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan qarşıdurmasını geniş şəkildə müzakirə etməyə bilməzdi”.

    Politoloq vurğulayıb ki, Ankaranın Azərbaycanla bağlı strateji planı Kremli narahat edir. “Məhz ona görə Putin Ərdoğanla telefon söhbətində gərginliyin eskalasiyasına kömək edəcək hər cür fəaliyyətə imkan verməməyin vacibliyini qeyd edib. Kremldə şübhələnirlər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların faydasız olduğunu anlayan rəsmi Bakı işğal altındakı torpaqların azad olunması üçün müxtəlif variantlar üzərində ciddi düşünür və bu planların reallaşmasında Türkiyənin dəstəyi olacaq. Bu baş verməsin deyə Putin Ərdoğanla söhbətdə diqqəti münaqişənin yalnız danışıqlar yolu ilə həllinə yönətlməyə çalışıb... Beləliklə, Kreml Türkiyənin Azərbaycanda var olduğunu qəbul edib. Rusiya informasiya agentliklərinin prezidentlərin telefon danışığı barədə yaydığı xəbərdə ”regionda sabitlik məqsədi ilə səylərin koordinasiyasına hazırlıq vurğulanıb" cümləsi də bundan xəbər verir. Bu cümlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni Rusiya-Türkiyə formatının yaradılmasına yol aça bilər", - deyə o əlavə edib.

    Zatən, konfliktin dinc həlli üçün başqa, daha uğurlu format qalmayıb. Hazırkı şərtlərdə problemin ən sürətli həllini gerçəkdən də yalnız Ankara-Moskva tandemi təmin edə bilər...

    Rubrika.Az


    Facebook-da paylaş