• Ankaranın qırmızı xətti və mesajı - “Qarabağın qurtuluşu uzaqda deyil...”

    Ankaranın qırmızı xətti və mesajı - “Qarabağın qurtuluşu uzaqda deyil...”

    Türkiyə üzünü Qafqaza çevirir - düşmən isterikada; Rusiyanın nüfuzlu nəşri: “Türklər döyüş təcrübəsini Azərbaycana ötürür”; politoloq: “Ankara Bakını nə Ermənistan, nə də onun arxasındakı gücün qarşısında yalnız qoyacaq...”

    Dünəndən Azərbaycan ərazisində Türkiyə ilə birlikdə irimiqyaslı hərbi təlimləri başlayıb. Təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Qabaqcadan planlaşdırılmasına rəğmən, Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr fonunda bu təlimlər qardaş ölkənin Bakıya açıq hərbi dəstəyi kimi qarşılanır və təkcə Ermənistanda yox, Rusiyada da diqqətlə izlənməkdədir.

    Hərbi təlimlərdən öncə isə Naxçıvanda türk ordusu möhtəşəm hərbi yürüş keçirib. Ermənistanın qulağının dibində, İrəvandan cəmi 45-50km uzaqda keçirilən bu parad, şübhə yox ki, hər şeydən öncə işğalçı ölkəyə və onun havadarına Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yalqız olmadığının mesajıdır. Bakı, Gəncə, Kürdəmir və Yevlax da əsla təsadüfi seçilməyib: bu, Bakıdan Türkiyəyə və oradan da Avropaya uzanan, strateji əhəmiyyətli beynəlxalq neft-qaz kəmərləri və kommunikasiyaların keçdiyi ərazilərə yaxın bölgələrdir.

    *****

    Bu arada Rusiyanın nüfuzlu nəşrlərindən biri olan “Nezavisimaya Qazeta”da birgə təlimlərə həsr olunmuş məqalə dərc edilib (Virtualaz.org) Məqalədə Türkiyənin öz döyüş təcrübəsini Azərbaycanla bölüşmək istəməsi təlimlərin əsas hədəflərindən biri kimi göstərilir.

    “Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə pilotsuz aparatlarını, təyyarələri və vertolyotları, habelə HHM vasitələrini və düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir. Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır. Görünür Azərbaycan və Ermənistan sərhədindəki toqquşmalardan sonra iyulun 16-da Bakı və Ankara hərbi rəhbərlikləri arasında gedən danışıqlarda da bu müzakirə olunub. Həmin vaxt Azərbaycan HHQ-nin komandanı, general Ramiz Tahirovun rəhbərliyi ilə hərbi heyət Ankarada danışıqlar aparıb. Bir həftə sonra, iyulun 22-də Türkiyənin Milli Təhlükəsizlik Şurası bəyannamə qəbul edərək Ermənistanın illərdir işğal altında saxladığı ərazilərin azad edilməli olduğunu bildirib. Prezident Ərdoğan tərəfindən imzalanmış sənəddə deyilir ki, Türkiyə qardaş Azərbaycan xalqının öz ədalətli mübarizəsində seçdiyi istənilən həll yolunu dəstəkləyəcək”, - deyə qəzet qeyd edir.

    Qəzet daha sonra yazır ki, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə irimiqyaslı manevrlərinin Ermənistanla mümkün müharibəyə məşq olduğu məlum deyil. Lakin bu, postsovet dövrünün ən irimiqyaslı təlimləridir və Azərbaycanla Ermənistan arasında münaqişənin qızışdığı bir vaxtda keçirilir. “Bakıdan və Ankaradan səslənən bəyanatlara əsasən Azərbaycan-Türkiyə qruplaşmasının fəaliyyəti hücum xarakterli olacaq və Ermənistanın, habelə ola bilsin, onun müttəfiqlərinin aqressiv davranışlarını cilovlamaq xarakteri daşıyacaq”, - qəzet yazır.

    *****

    Təsadüfi deyil ki, işğalçı Ermənistanda Türkiyə-Azərbaycan birgə təlimləri narahatlıq və isterika içində izlənilir. Şübhəsiz, bu təlaşın nəticəsidir ki, təlimlərdən bir gün qabaq - iyulun 28-də Ermənistan müdafiə naziri David Tonoyan Rusiyanın Ermənistandakı səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşüb. Görüş zamanı Tonoyan bölgədə atılan hərbi addımların stabilliyin pozulmasına xidmət etdiyi haqda iddialar səsləndirib, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına diqqət çəkib.

    “Bu, Türkiyə tərəfdən əla bir mesaj, xəbərdarlıqdır ki, o, özünün bütün gücü və hərbi qüdrəti ilə lazım olduğu təqdirdə Azərbaycana köməyə gəlməyə hazırdır”.

    Bu fikri türkiyəli hərbi analitik Hakan Akınçı söyləyib. Onun sözlərinə görə, belə bir mesaj həm də Türkiyə və Azərbaycan orduları arasında sıx koordinasiyanın olduğunu göstərir və hər an və istənilən istiqamətdə iki ölkənin orduları hücum əməliyyatına keçməyə hazırdır. “İki ölkənin hərbi qüdrəti digər hansısa imkanlara əl atmadan təcavüzkar ölkəni tamamilə darmadağın etmək üçün kifayətdir. Türkiyə, şübhə yox ki, Ermənistanla böyük müharibə vəziyyətində Azərbaycanın yanında olacaq. Bu təlimlər göstərir ki, nə Türkiyəni, nə də Azərbaycanı qorxutmaq, nə də onları öz niyyətlərindən əl çəkməyə vadar etmək alınmayıb. Təcavüzkarın yad torpaqlara iştahını əbədi öldürəcək layiqli bir dərs alacağı gün uzaqda deyil”, - deyə o, işğalçı Ermənistana xəbərdar edib.

    *****

    Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı kimləri narahat edir?

    Qeyd edək ki, birgə təlimlərlə paralel, Türkiyədən ən yüksək səviyyədə Azərbaycana dəstək bəyanatları gəlməkdə davam edir. Son olaraq, bir daha prezident Ərdoğan Türkiyənin Azərbaycanı qeyd-şərtsiz müdafiə edəcəyini bildirib. “Suriyada məzlumların fəryadlarına biganə qalmadıq, Liviyada ölkənin qanuni idarəçiliyinin əməkdaşlıq dəvətini cavabsız qoymadıq. Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək cəhdlərinə də eyni anlayışla dəstək veririk”, - deyə Türkiyə lideri qeyd edib.

    Diqqət edildisə, Ərdoğan açıq şəkildə və ilk dəfə olaraq, Türkiyə ordusunun əməliyyatlar keçirdiyi Suriya və Liviya ilə Azərbaycanın paralelliyini aparıb.

    Dünən isə Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib ki, “Türkiyə Ermənistanın pozuculuq fəaliyyəti və hücumlarını qınamaqla yanaşı, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir”. Hakar həmçinin deyib ki, ABŞ və beynəlxalq ictimaiyyət Ermənistanı bu kimi hücumlardan çəkinməsi və problemin həlli üçün konstruktiv bir üsul tətbiq edərək İrəvana xəbərdarlıq etməlidir.

    “Türkiyə rəsmi şəkildə Azərbaycanın yanında olduğunu, hər mənada onu dəstəklədiyini bildirir. Ölkəmizdə davam edən hərbi təlimlər bunun əyani sübutudur”.

    “Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ərdoğanın çıxışı zamanı Liviya və Suriyada baş verən proseslərlə yanaşı, Azərbaycan haqqında da danışmasını şərh edərkən deyib.

    Politoloqa görə, Ərdoğanın Azərbaycana qarşı təxribatı bir daha gündəmə daşıması bu ölkənin regiondakı geosiyasi maraqlarının siyasi arealını göstərir: “Türkiyə regionda yüksələn hərbi-siyasi gücdür. Böyük güclər onunla Liviya və Suriyada hesablaşmalı oldu. Faktiki olaraq Türkiyə bu gün Liviya və Suriyada aktiv rola malikdir. Bəlkə də yaxın zamanda Liviyada vətəndaş müharibəsi bitəcək və bunun səbəbkarı Türkiyədir. O zaman Türkiyənin öz diqqətini tam olaraq Qafqaza çevirməsi, Azərbaycanı dəstəkləməsi regionda siyasi prosesləri əsaslı surətlə dəyişəcək”.

    Analitikin sözlərinə görə, Türkiyə üçün Azərbaycan qırmızı xətdir: “Ərdoğan administrasiyasının son illərdə apardığı siyasətə diqqət yetirsək, görərik ki, Türkiyə üçün qırmızı xətlər var. Türkiyə üçün bu gün regionda əsas qırmızı xətt siyasi-hərbi müttəfiqi Azərbaycandır. Azərbaycan Türkiyə üçün düşünüləndən daha çox önəm daşıyır. Ölkəmiz regionun hərbi-iqtisadi baxımdan inkişaf edən gücüdür. Xüsusilə türk ölkələri ilə yaxınlığımız və Türkiyənin bu ölkələri vahid təşkilatda bir araya gətirərək birlik yaratmaq ideyasının kilid nöqtəsi məhz Bakıdır”.

    Bundan başqa, politoloq Azərbaycanın Qafqaz və Mərkəzi Asiyanın neft və qazını Avropa bazarına çıxaran meqa-layihələrin icraçısı olmasına diqqət yönəldib: “Türkiyə faktiki olaraq Azərbaycanla birlikdə Qərbin yanacaq asılılığını azalda biləcək alternativdir. Bütün bunlar bizə bu sözü deməyə əsas verir: Ankara Bakını nə Ermənistan, nə də onun arxasındakı gücün qarşısında yalnız qoyacaq”.

    Dünən başlanan növbəti birgə təlimlərdən verilən əsas mesaj da əslində budur...


    Facebook-da paylaş