• “Bu gün müharibə təkcə səngərlərdə, silahlarla aparılmır”

    “Bu gün müharibə təkcə səngərlərdə, silahlarla aparılmır”


    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi Universitetinin azərbaycanlı müəlliməsi, şərqşünas və tədqiqatçı Şəhrizad Süleyman Yenisabah.az-ın suallarını cavablandırır.

    Dosye: Şəhrizad Süleyman Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası kimyaçı-alim, anası riyaziyyatçıdır. Bakı şəhəri Yasamal rayonu 21 saylı orta məktəbdə təhsil alıb. 1994-cü ildə atası Tofiq Süleymana BƏƏ-nin Şarca əmirliyindən iş təklifi gəlib. Bununla əlaqədar 1994-cü ilin sonlarında Şəhrizad Süleymanın ailəsi BƏƏ-yə köçüb. BƏƏ-də təhsilini davam etdirən Şəhrizad xanım 1999-cu ildə Əl-İbda qızlar məktəb-mədrəsəsini müvəffəqiyyətlə bitirərək Əcmən Universitetinin "İctimai əlaqələr və media" fakültəsinə daxil olur. 2005-ci ildə ali təhsilini başa vurduqdan sonra bir müddət Təhsil Nazirliyində məsləhətçi çalışır. 2007-ci ildə Əl-Şarika televiziyasından gələn iş təklifini qəbul edən Şəhrizad Süleyman televiziyada çalışmağa başlayır. 2012-ci ildən Abi-Dabi Universitenin əməkdaşı olan həmyerlimiz beynəlxalq əlaqələr kafedrasının müəlliməsidir. O, eyni zamanda Zəyid Universitetində ictimai əlaqələrdən dərs deyir.

    - Şəhrizad xanım, ərəb dünyası Qarabağ həqiqətləri ilə nə dərəcədə tanışdır?

    - Öncəliklə qeyd edim ki, bir neçə il əvvələ qədər qarşılaşdığım, təmasda olduğum ərəblərin və digər dövlətlərdən olan əcnəbilərin çoxu ölkəmizi tanımırdılar, Azərbaycan haqqında məlumatları demək olar ki, yox dərəcəsində idi. Lakin sevindirici haldır ki, artıq ölkəmiz ərəb aləmində tanınır və müsəlman dünyasının tərkib hissəsi olan, Şərqlə Qərbin qovşağında, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycana çox böyük maraq var.

    Qarabağ həqiqətlərinə gəlincə, zənnimcə bu gün ərəb dünyası Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, hərbi təcavüzü, insanlığa sığmayan qanlı cinayət əməlləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin tarixi kökləri və səbəbləri barədə kifayət qədər məlumatlıdır. Şəxsi müşahidələrimə əsasən onu deyə bilərəm ki, müxtəlif ərəb ölkələrinin əksər aparıcı mətbu orqanlarında, nüfuzlu media resusrlarında və yerli cəmiyyətlərində ölkəmizin haqlı mövqeyi müdafiə olunur, Azərbaycanın haqq səsinə səs verilir. Son dövrlərdə ərəb aləmində Qarabağ münaqişəsinə, Erməninstanın işğalçı ölkə olaraq təxribatçı əməllərinə daha çox diqqət yetirilir. Ərəb mediasında Dağlıq Qarabağ münaqişəsinin kökləri, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi tarixi, sovetlər dönəmində Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzündən bəhs olunan məqalələr yayımlanır.

    Həmçinin işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizlənmə siyasətinin həyata keçirilməsindən, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən və işğal edilmiş ərazilərdə Azərbaycanın bütün tarixi abidələrinin dağıdılmasından, hərbi əməliyyatlar vaxtı Ermənistan ordusunun beynəlxalq humanitar hüququ ciddi şəkildə pozmasından bəhs edilir.

    Aydındır ki, bütün bunlar Ermənistanın təcavüz siyasətinin ifşa olunmasında önəmli rola malikdir.

    Bundan əlavə, siyasi müstəvidə də İslam Əməkdaşlıq Təşkilatına üzv olan ərəb ölkələri Azərbaycana qarşı erməni təcavüzünü daim pisləyir, öz qərarlarında Ermənistanı təcavüzkar dövlət kimi qiymətləndirir, BMT-ni bu dövlətə qarşı sanksiyalar tətbiq etməyə çağırır və Ermənistandan Azərbaycanın bütün işğal olunmuş ərazilərindən öz silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Şurasının XIII sessiyasında Xocalı faciəsini - “İnsanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran "Əbu-Dabi Bəyannaməsi" qəbul edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olması ilə əlaqədar Səudiyyə Ərəbistanı Ermənistanla heç bir diplomatik əlaqə saxlamır.

    - Ərəb dünyasına yaxından bələd olan şəxs kimi bu istiqamətdə atılan addımlar sizi qane edirmi?

    - Yaşadığım ölkədə, Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif kütləvi informasiya vasitələrində, dövri mətbuatında, xəbər saytlarında, informasiya agentliklərinin sosial şəbəkələrdəki hesablarında ölkəmizlə bağlı xəbərlərə, məqalələrə geniş yer verilir. Yerli və əcnəbi vətəndaşlar Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi, ərazi bütövlüyümüzün pozulması və torpaqlarımızın işğala məruz qalması barədə məlumatları BƏƏ-nin aparıcı KİV-lərindən əldə edirlər. Əbu-Dabi, Dubai, əl-Şarika televiziyalarında dəfələrlə ölkəmizdən bəhs edən silsilə verilişlər hazırlanıb və izləyicilərin böyük marağına səbəb olub. Azərbaycanın qan yaddaşı olan Xocalı soyqırımı, qanlı 20 yanvar, habelə Respublika Günü yerli mətbuatda, xəbər saytlarında geniş işıqlandırılır.

    Dəfələrlə Birləşmiş Ərəb Əmirliklərinin prezident sarayında və Beynəlxalq Qırmızı Aypara Cəmiyyətində Qarabağda baş verən qanlı hadisələri, erməni terrorçularının günahsız azərbaycanlılara qarşı törətdikləri tükürpədici cinayətləri əks etdirən foto sərgilər təşkil edilib, ölkə televiziyalarında münaqişənin gerçək mahiyyətindən bəhs edən verilişlər, sənədli filmlər nümayiş olunub. Hər il Ramazan ayında, 20 yanvar, 26 fevral tarixlərində, paytaxt Əbu-Dabinin məşhur Şeyx Zayed məscidində və digər əmirliklərin ən iri məscidlərində şəhidlərimizin ruhuna dualar oxunur, ehsanlar verilir.

    Ümimilikdə bütün bu sadaladıqlarım qənaətbəxş olsa da, ərəblər demişkən "lıssa kuddaminə əş-şuğl ketir" – hələ önümüzdə görüləcək işlər çoxdur.

    - Sizcə, Azərbaycanın haqlı mövqeyinin ərəb ictimai rəyində möhkəmləndirmək üçün daha hansı addımlar atılmalıdır?

    - Müasir dövrümüzdə informasiya özü də əsas mübarizə rolunu oynayır və beynəlxalq münasibətlər sistemində ən aparıcı vasitələrdən biri sayılır. Media qurumları dövlətlərarası və xalqlararası münasibətlərdə, mövqelərin düzgün dərc olunmasında aparıcı funksiyanı yerinə yetirir. Ona görə də informasiya resurslarından milli-dövlət maraqları üçün istifadə edilməsi hər bir dövlət və xalq üçün olduqca aktual məsələlərdən hesab olunur. Bu gün müharibə təkcə səngərlərdə, silahlarla deyil, həm də ideoloji cəbhədə aparılır. Əcnəbi mətbuatda və xarici sosial mediada Azərbaycan həqiqətlərinin yayılması artıq müasir dövrün, çağdaş günün həlli vacib tələbidir. Beynəlxalq aləmdə KİV vasitəsilə ideoloji mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün mütləq şəkildə xarici ölkələrin media resusrları ilə əlaqələr qurmaq, mütəmadi mübadilə lazımdır. İnformasiya savaşında Azərbaycana qarşı qara kampaniyaların, erməni təxribatlarının, yalan məlumatların qarşısının alınmasında və ifşa olunmasında xarici medianın gücündən yararlanmaq ən vacib amildir.

    Prezident İlham Əliyev öz çıxışında qeyd edirdi ki, "bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsi vacibdir. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir də ona qarşı yönəlir. Bu istiqamət prioritet istiqamətdir, zəif yerimizdir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövləti buna dəstək verə bilərsə, biz hazırıq."

    Ökə rəhbərinin tövsiyyələri ilə Azərbaycan reallıqlarının ərəb ölkələrinin ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin ərəb mətbuatda işıqlandırılması yolunda əməli işlər görülməli, planlı şəkildə konkret addımlar atılmalı, bacardığımız qədər xarici kütləvi informasiya vasitələrində daha aktiv olmalı, bir sözlə, beynəlxalq müstəvidə ölkəmizlə bağlı həqiqətlərin, haqq səsimizin eşidilməsi üçün yorulmadan çalışmalıyıq.

    - Müsəlman, o cümlədən ərəb dünyası münaqişənin həllinə hansı töhfələr verə bilər?

    - Müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir. Qeyd edim ki, “Müsəlman dünyasının BMT-si”olaraq adlandırılan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı faciəsini soyqırım kimi tanıyan ilk beynəlxalq təşkilatdır. İslam Əməkdaşlıq Təşkilatına üzv Xarici İşlər Nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirilməsi ilə bağlı qətnamə qəbul olunmuşdur. Bundan əlavə, İƏT ilə İSESKO arasında imzalanmış anlaşmaya görə Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir. Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT Xarici İşlər Nazirləri Şurasının sessiyalarında qəbul olunmuş müxtəlif sənədlərdə, o cümlədən yekun bəyannamələrdə və bəyanatlarda, eləcə də çoxsaylı qətnamələrdə öz əksini tapmışdır.

    Ərəb ölkələri, ümumilikdə islam dünyası üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi əsas prioritet məsələlərdən biridir. Lakin dünyanın supergüc dövlətləri, Qərb ölkələri Cənubi Qafqazda geosiyasi maraqlarını təmin etmək üçün Ermənistandan bir vasitə kimi istifadə edərək aşkar və gizli şəkildə, müxtəlif yollarla erməni separatizminə dəstək verirlər. Məhz xarici himayədarların açıq və ya gizli yardımları nəticəsində işğalçı Ermənistan, bir tərəfdən, işğalçılıq siyasətini getdikcə genişləndirmiş, digər tərəfdən isə, beynəlxalq hüquqa əsasən təcavüzkar dövlətə qarşı tətbiq edilməli olan cəza və sanksiyalardan kənarda qalmışdır.

    1992-ci ildən etibarən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, yeddi rayonunu da işğal edib, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb, on minlərlə insan qətlə yetirilib, şəhərlər və kəndlər viran qoyulub. 1994-cü ildən münaqişə tərəfləri arasında atəşkəs elan edilsə də, Ermənistan ATƏT-in Minsk qrupunun himayəsi ilə aparılan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və davamlı olaraq atəşkəsi pozur. Eyni zamanda, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsi və işğalçı Ermənistanın qoşunlarının həmin əraziləri tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də yerinə yetirilmir.

    Müsəlman ölkələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini bərpa etmək istiqamətində fəaliyyətinə dəstək versələr də, əfsuslar olsun ki, dünya birliyi hələ də bu haqsızlığa susur.

    - Çalışdığınız Abu-Dabi Universitetində tələbələrinizlə bu mövzuda söhbətləriniz olurmu? Maraqlıdır, ərəb gəncləri bu münaqişə barədə nə düşünür?

    - Erməni qəsbkarları tərəfindən işğal olunan tarixi, əzəli torpağımız Qarabağın, mal-mülkü yağmalanan, el-obası viran qalan ata-baba yurdum Cəbrayılın, başı müsibətlər çəkən, qanlı soyqırımla üzləşən gözü yaşlı Xocalının, qədim mədəniyyət beşiyimiz Şuşanın, təbii sərvətləri talanan Kəlbəcərin, Zəngilanın və düşmən tapdağındakı digər rayonlarımızın ağrı-acısını, mənfur düşmənimizin Azərbaycana qarşı işğalçılıq siyasətini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ərəb ictimaiyyətinə çatdırılmasını xaricdə yaşayan bir qarabağlı kimi, özümə borc bilirəm. Çalışdığım ali təhsil ocağında mütəmadi olaraq Vətənimizlə bağlı diskusiyalar, seminarlar, elmi konfranslar təşkil edirəm. Bu konfranslarda Azərbaycan həqiqətləri, Qarabağ tarixi mövzusunda məsələlər müzakirə edilir, münaqişənin əsl mahiyyətindən bəhs edən məruzələr dinlənilir, tələbələrə ölkəmizlə bağlı Heydər Əliyev Fondunun nəşr etdirdiyi ərəb və ingilis dillərində kitablar hədiyyə olunur. Universitet xətti ilə müxtəlif ölkələrdə keçirilən beynəlxalq simpoziumlarda, forumlarda, mötəbər elmi, humanitar tədbirlərdə Qarabağın erməni qəsbkarları tərəfindən işğal olunması, qan yaddaşımızın ən kədərli səhifəsi olan Xocalı soyqırımı, azğın sovet ordusunun 1990-ci il 20 yanvar tarixində əliyalın, məsum insanlara qarşı törətdiyi vəhşiliklər barədə tarixi faktlarla çıxışlar edərək tədbir iştirakçılarına və qonaqlara ətraflı məlumat verirəm.

    Qarabağ problemi haqqında məlumatlı olan ərəb gəncləri daima Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Hətta tələbələrim dəfələrlə iştirak etdikləri beynəlxalq konfranslarda, tədbirlərdə ölkəmizlə həmrəylik nümayiş etdirərək erməni nümayəndələrə tarixi faktlarla öz etirazlarını da bildiriblər.

    - Siz həm də ixtisasca jurnalistsiniz...

    - Bəli universitet müəlliməsi olsam da, ixtisasca jurnalistəm. Xeyli müddət BƏƏ-nin əl-Şarika televiziyasında və "Əl-İttihad" qəzetində çalışmışam. Ərəb aləminin nüfuzlu media orqanlarında, qəzetlərdə, saytlarda, habelə müxtəlif dərgilərdə Azərbaycan, eləcə də Dağlıq Qarabağ həqiqətlərini özündə əks etdirən xeyli sayda məqalələrim dərc olunub. Bundan əlavə, yaxın təmasda olduğum media təmsilçilərinə, əcnəbi və ərəb jurnalistlərə Azərbaycan haqqında yazılar, Qarabağ həqiqətləri barədə məqalələrin yazılmasında yaxından köməklik göstərirəm. Sizə bir sirr də açım ki, ölkəmizin təbliği ilə bağlı əksər məqalələrim ya media saytlarının xəbəri, ya da başqa ərəb imzası ilə işıq üzü görüb. Düşünürəm ki, əsas məsələ ölkəmiz haqqında doğru, dürüst məlumatların, yazıların ərəb mətbuatında verilməsidir. Bir yazının hər hansı bir ərəb mediasında çap olunması üçün gərgin əmək sərf olunur. Amma üzərində çalışdığım məqalə yayımlandıqdan sonra yaşadığım sevinc və qürur hissi sözlərlə ifadə olunmaz duyğulardır. Əcnəbi mediada Azərbaycanın təbliğini aparmaq çətin olduğu qədər də şərəfli və qürurvericidir.

    - Şəhrizad xanım, ərəb mediası üçün Qarabağ mövzusu nə dərəcədə önəmlidir?

    - İlk növbədə Qarabağ mövzusu qəlbi Vətənlə döyünən azərbaycanlılar üçün önəmli olmalıdır. Hər günümüz, saatımız, dəqiqəmiz, anımız Qarabağ olmalıdır! Necə deyərlər, dünya cənnətə dönsə də, Qarabağ əsla yaddan çıxmamalıdır. Sözdə deyil, əməli işlər görülməli və hər bir azərbaycanlı milli qürur məsələsində üzərinə düşən vətəndaş mövqeyindən çıxış etməlidir. Ərəb mediasına gəlincə, qeyd etdiyim kimi əksər ölkələrin mətbu orqanları, sayt və qəzetləri bizim haqq səsimizi dəstəkləyirlər, erməni yalanlarını ifşa edirlər. Bu prosesin davamlı olması və Qarabağ həqiqətlərini bilməyən ərəb ictimai düşüncəsinə aydınlıq gətirmək üçün var gücümüzlə dayanmadan çalışmalıyıq. //Yenisabah.az



    Rubrika.Az


    Facebook-da paylaş