• İşğal altındakı Qarabağda seçki oyunu - Bakının səbri sonsuz deyil

    İşğal altındakı Qarabağda seçki oyunu - Bakının səbri sonsuz deyil

    Azərbaycanın artan hərbi xərcləri düşmən ölkədə müharibə xofunu gücləndirib; müdafiə nazirimiz Çində mühüm görüşlər keçirdi; rəsmi Pekin: “Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir...”

    Azərbaycan gələn il üçün hərbi xərclərini daha 20% artırmağı nəzərdə tutur. Ərazisinin bir hissəsi işğal altında, iqtisadiyyatı inkişafda olan bir ölkə üçün bu, təbiidir. Başqa yandan, büdcəni, o sırada hərbi xərcləri iqtisadi göstəricilər, dövlətin maliyyə-iqtisadi potensialı müəyyən edir. Güclü, varlı ölkələrin büdcələri də, sözsüz ki, böyük olur.

    Gələn il üçün hərbi məqsədlərə ayrılacaq vəsaitin mühüm hissəsi yeni silahların alınmasına, yerdə qalanı isə yəqin ki, yerli hərbi-sənaye kompleksinin inkişafına, hərbi kadrların hazırlanmasına, təzə hərbi şəhərciklərin salınmasına, hərbi təlimlərə və s. hərbi xarakterli hədəflərə yönəldiləcək ki, bu da yekun etibarilə silahlı qüvvələriimizin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə gətirəcək.

    Əlbəttə ki, Ermənistanın öz işğalçı ordusuna Azərbaycan qədər vəsait ayırması mümkün deyil. İşğalçı ölkədəki iqtisadi durumun ağırlığı, bütövlükdə onun iqtisadi-maliyyə göstəriciləri, ağır blokada vəziyyəti bunu istisna edir. Ermənistan silahlanma yarışında Azərbaycanla rəqabət apar bilməz. Bunu vaxtilə eks-prezident Serj Sərkisyan açıq etiraf eləmişdi. Bu üzdən ölkəmizin hərbi xərcləri artırması düşmən ölkədə çox ağrılı qarşılanıb. Bunu son günlər erməni mətbuatında gedən yazılardan aydın görmək olar.

    Məsələn, Ermənistanın “Milli gündəm” Partiyasının Təsisçilər Komitəsinin üzvü Avetik Çalabyan özünün facebbok səhifəsində Azərbaycanın hərbi xərclərini artırması məsələsinə toxunaraq yazıb: “Roma Papasından daha böyük katolik olmağı arzulayan hökumətimiz hərbi büdcədən vəsaitləri başqa ”dinc" məqsədlərə yönəldərək haqlı olduğunu izah etmək üçün səylərini əsirgəmir" (Axar.az). “Oktyabrın 20-də Azərbaycanın 2020-ci il dövlət büdcəsi layihəsi dərc olunub. Dövlət büdcəsi xərclərinin 1.7 faiz artdığı halda, müdafiə büdcəsi 20.9 faiz artaraq 2.67 milyard dollara çatdırılıb. Bu vəsaitin 945 milyon dolları isə silah alışı və hərbi investisiyalar üçün nəzərdə tutulub”, - deyə o qeyd edib.


    “Ermənistanın sözü ilə əməli üst-üstə düşmür”. Bunu isə öz facebook səhifəsində erməni ekspert Andranik Tevanyan paylaşıb. “”Qarabağ Azərbaycandır və nida!" bəyanatından sonra Azərbaycanın hərbi büdcəsi 2020-ci il üçün 20% artıb. Azərbaycanın hərbi büdcəsi bizimkini bir neçə dəfə üstələyir. Bizim qonşumuz açıq şəkildə müharibəyə hazırlaşır, hansı ki, buna Azərbaycanda baş verən kadr dəyişiklikləri də şahidlik edir. Xüsusilə baş nazir dəyişikliyi..."

    *****

    Göründüyü kimi, təcavüzkar ölkədə Azərbaycanın öz hərbi xərclərini 20% artırması bilavasitə müharibəyə hazırlıq kimi qiymətləndirilib. Hərçənd Azərbaycan tək bu il yox, ötən illərdə də daim hərbiyyəyə xüsusi diqqət ayırıb, böyük vəsaitlər yönəldib. Yenə də yönəldəcək. Məsələ də ondadır ki, müharibə, böyük hərbi xərclər olmaya da bilər, əgər Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində real şəkildə maraqlı olarsa, atəşkəs rejimini süni şəkildə uzatmazsa, özünü konstruktiv apararsa.

    Əfsus ki, vasitəçi dövlətlərdən heç bir cəza sanksiyası, təzyiq görməyən Ermənistan işğal rejimini davam etdirir. Ancaq belə vəziyyət də sonsuza qədər sürə bilməz. Özünün dost-müttəfiqləri, öncəliklə NATO üzvü qardaş Türkiyə, Pakistanla hərbi əlaqələri gücləndirən Bakı ilk əlverişli fürsətdəcə öz ərazilərinin güc yolu ilə azad etməyə başlayacaq. Hər halda Azərbaycan milyardlarla xərc çəkib aldığı müasir döyüş maşınları və sistemlərini vitrində paslatmağa hazırlaşmır. Paralel surətdə sülh prosesinin nəticə verməyəcəyini istisna etməyərək, beynəlxalq arenada Qarabağ məsələsi ətrafında uğurlu və əlverişli şərtlər formalaşdırmaqla güc variantını göz önünə alır. Şübhəsiz ki, bu xüsusda Azərbaycanın dost-müttəfiqləri nə qədər çox olsa, bir o qədər haqq işimizin xeyrinədir.

    “Dağlıq Qarabağ Azərbaycan üçün nədirsə, bizim üçün də odur. Azərbaycan Qarabağ probleminin nə qədər həllini istəyirsə, biz də qardaşımız qədər istəyirik”. Musavat.com xəbər verir ki, bunu Türkiyənin Bakıdakı səfiri Erkan Özoral srağagün jurnalistlərlə görüşündə deyib. Diplomat bildirib ki, rəsmi Ankara yalnız Rusiya ilə deyil, bütün görüşlərində bu problemi gündəmə gətirir. “ATƏT-in Minsk Qrupu başda olmaqla əlaqədar dövlətlərlə bu problemi müzakirə edirik. Prezident Ərdoğan BMT Baş Assambleyasının Nyu-York sammitində Qarabağ məsələsini qaldırdı. Biz Qarabağ münaqişəsini Azərbaycandan sonra ən yüksək səslə dilə gətirən ikinci ölkəyik. Bundan sonra da üzərimizə düşən nə varsa, etməyə hazırıq”, - deyə E.Özoral vurğulayıb.

    *****

    Təəssüf ki, Ermənistan Qarabağ konflikti ətrafındakı vəziyyətin partlayış həddinə çatdığını fərq edə bilmir. Rəsmi İrəvan, Nikol Paşinyan hökuməti hər vəchlə, cürbəcür bəhanələrlə atəşkəs rejimini uzatmağa çalışır. İndi də “seçki oyunu” ortaya atılıb. Gələn xəbərlərə görə, Paşinyan separatçı rejim ərazisində keçiriləcək qondarma “prezident seçkisi”ndə öz adamını qalib eləmək istəyir. Bu məqsədlə təzəlikcə Qarabağda inqilab etmək üçün partiya da yaradılıb. İşğal altındakı Xankəndində oktyabrın 19-da yeni partiyanın təsis konfransı keçirilib.

    Virtualaz.org “Kavkazskiy uzel”ə istinadən xəbər verib ki, “Sabahkı Artsax” (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) adlı partiyanın məqsədi 2020-ci ildə “seçki yolu ilə Dağlıq Qarabağda inqilab etməkdir. Partiya ”seçkilərdə" Ermənistanın baş naziri Nikol Paşinyanın adamı hesab edilən qondarma “xarici işlər naziri” Masis Mailyanı dəstəkləyəcək.

    Partiyanı quranlar “sosial-iqtisadi islahatlar və korrupsiya ilə mübarizə” vəd ediblər, Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına tərəfdardırlar və hesab edirlər ki, “qonşu İranla iqtisadi əlaqələri” genişləndirmək lazımdır. Partiyanın koordinatoru Tiqran Petrosyan bu ilin mayında Xankəndidə qondarma rejimin başçısı Bako Saakyana qarşı aksiyalar zamanı saxlanılmışdı. Onun dediyinə görə, yeni partiyaya Xankəndidən 400-ə yaxın adam qoşulub və adamlar müxtəlif rayonlardan qoşulmaq üçün müraciət edirlər.

    Dağlıq Qarabağda gələn il keçiriləcək qondarma “seçkilərdə” separatçı rejimin rəhbərliyinə əsas iddiaçı keçmiş səhra komandiri və general Vitali Balasanyandır. O, son günlər Paşinyana qarşı kəskin çıxışlar edir və onu “fiziki məhv etməklə” hədələyir.

    *****
    Azərbaycan, təbii ki, işğal altındakı ərazilərdə “seçki-seçki” oyununu sonsuzadək sakitcə seyr edə, ona dözüm göstərə bilməz. Bakının səbiri sonsuz deyil. Bu barədə ölkə rəhbərliyi səviyyəsində təcavüzkar tərəfə zaman-zaman xəbərdarlıq edilib. O da bəyan edilib ki, Azərbaycan nəticəsi olmayan sülh danışıqlarında, ölkəmizin ərazi bütövlüyünün müzakirə olunduğu danışıqlarda iştirak etməyəcək.

    Başqa sözlə, ərazimizdə heç vaxt ikinci saxta erməni “dövləti”nin yaradılmasına imkan verilməyəcək. Bu - təkcə siyasi iradəyə bağlı prinsipial mövqe deyil, eyni zamanda Ermənistanla müqayisədə üstün müdafiə qüdrətimizin və hücum potensialımızın, daha da güclənməkdə olan və müharibəyə hazır olan silahlı qüvvələrimizin diktə elədiyi reallıqdır.

    Yeri gəlmişkən, Çində səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov dünən Çin milli müdafiə naziri, general-polkovnik Vey Fenxe ilə görüşüb. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, nazir V.Fenxe Çin və Azərbaycan arasında münasibətlərin böyük tarixi olduğunu, müasir dövrdə əlaqələrimizin hər iki xalqın marağına uyğun inkişaf etdiyini deyib. Çin rəsmisi iki ölkənin hərbi sahədə əməkdaşlığından danışaraq, hərbçilərin qarşılıqlı səfərlərinin bu işə töhfə verdiyini deyib. V.Fenxe ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini bir daha bəyan edib.

    Çin Xalq Respublikasına dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın müdafiə naziri Z.Həsənov deyib ki, tarixən iki xalq arasında yaranmış dostluq münasibətləri ölkələrimizin əlaqələrinin inkişafında möhkəm təməl rolunu oynayır. Nazir ölkələrimizin rəhbərlərinin və yüksək vəzifəli rəsmi şəxslərin qarşılıqlı səfərlərinın son vaxtlar intensivləşdiyini, ÇXR sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyevin apreldə “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakının Azərbaycanın bu layihədə vacib ölkə olduğunu göstərdiyini deyib.

    Müdafiə naziri Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə olan davamlı dəstəyinə görə təşəkkür edib, Azərbaycanın da “Vahid Çin” siyasətini dəstəklədiyini və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıdığını deyib. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə hüquqi sənədin imzalanması barədə ilkin razılığa gəliblər.

    Əlavə edək ki, Azərbaycan və BMT TŞ-nin 5 daimi üzvündən biri olan Çin arasında son illər hərbi-texniki sahədə əməkdaşlıq genişlənməkdədir. Çin tədricən ölkəmizin mühüm silah tədarükçülərindən birinə çevrilməkdədir...

    Rubrika.Az


    Facebook-da paylaş