• Baş psixiatr intiharlarla bağlı KİV-ə müraciət etdi

    Baş psixiatr intiharlarla bağlı KİV-ə müraciət etdi


    “Azərbaycanda hər il 400-dək insan intihar edir. Dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur”.

    Rubrika.Az virtualaz.org-a istinadla xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Ümumdünya Psixi Sağlamlıq gününə həsr olunmuş “Psixi sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” adlı bu gün keçirilən konfransda bildirib.

    Tədbirdə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə rəhbəri Hande Hermançı, UNİCEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin, həmçinin Türkiyədən gəlmiş professorlar, dövlət tibb müəssisələrinin rəhbərləri iştirak ediblər.

    G. Gəraybəyli bildirib ki, ÜST-nın göstəricisi intihar hallarının dünya miqyasında ciddi məsələ olduğunu göstərir. “Azərbaycanda intihar edənlər arasında uşaqlar, gənclər və ahıllar da var. İntiharın səbəbləri müxtəlifdir. Əsas diqqət profilaktikaya, intihara səbəb olan amillərin müəyyənləşdirilməsi və aradan qaldırılmasına yönəldilməlidir”.

    G.Gəraybəyli əlavə edib ki, müasir texnoloji dövrdə uşaqların psixi sağlamlığını qorumaq məqsədilə onları zərərli məlumatlardan müdafiə etmək lazımdır. Bununla yanaşı, ailədə və ailədənkənar yerlərdə uşaqlara qarşı şiddət aradan qaldırılmalıdır. İş yerlərində əməkdaşların psixi sağlamlığının yaxşılaşdırılması, gərginliyin, stressin azaldılması, psixi sağlamlıqda problemi olan əməkdaşların erkən aşkarlanması və onlara yardım edilməsi zəruridir.

    Tədbirdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov çıxış edərək, insan sağlamlığının iki hissədən ibarət olduğunu vurğulayıb: “Birincisi onun psixi sematik sağlamlığı, ikincisi isə onun mental sağlamlığıdır. Psixi sağlamlıqda bir çox amillər- insanın sosial rifahı, problemləri rol oynayır. Öz növbəsində psixi sağlamlıq insanların cəmiyyətdə davranışına, digər insanlarla ünsiyyətinə ümumiyyətlə bütün insanların qarşlıqlı münasibətinə təsir göstərir. Nəticə etibarilə bu məsələ cəmiyyət və dövlət səviyyəsinə qalxır. Bununla bağlı olaraq, ölkəmizdə dövlət tərəfindən psixi sağlamlığa böyük diqqət və qayğı göstərilir”.

    İctimai Səhiyyə və İsahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev isə çıxışında deyib ki, Azərbaycanda 3 il ərzində aparılan sorğuya görə, uşaqların dörddə biri 2 həftə və daha çox müddətdə özünü kədərli və ümidsiz hiss edir. Uşaqların təxminən 5 faizi mübahisə və zorakılığın şahidi olur: “Uşaqların 32 faizi ən azı bir dəfə həmyaşıdları ilə mübahisə yaşayır. 14 faiz respondent ay ərzində internetdən istifadə edərək digər şəxslərlə kobud davranır və alçaldıcı rəftar edir. Buna kiberbullinq deyilir. Tədqiqata görə, uşaqların 8 faizi həyatında intihar etməyi ağlından keçirib. Bu, digər ölkələrlə müqayisədə böyük rəqəm olmasa da, düşünməyə vadar edir”.

    Q.Haqverdiyev qeyd edib ki, respondentlərin təxminən 10 faizi intihara təşəbbüs göstərib. Bu faktlar göstərir ki, psixi saglamlığa qayğı insanın doğulduğu gündən başlamalıdır.

    Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə rəhbəri Hande Hermançı isə söyləyib ki, dünyada intiharların təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir. Hermançının sözlərinə görə, dünyada intiharların yarıdan çoxu 45 yaşına qədər insanlar arasında müşahidə edilir. İntihar edən yeniyetmələrlərin 90 faizi aşağı və orta gəlirli ölkələrdəndir. 15-29 yaşlar arasında ölümlərin ikinci əsas səbəbi intihardır. Yüksək gəlirli ölkələrdə kişilər qadınlardan üç dəfə daha çox intihar nəticəsində dünyasını dəyişir. Aşağı və orta gəlirli ölkələrdə intihar edən qadın-kişi nisbəti bərabərə yaxındır. Psixi sağlamlıq problemləri yaşayanlar, xəstəlikdən əziyyət çəkənlər, spirtli içki və narkotikdən istifadə edənlər intihar üçün xüsusi risk faktorudur. İntihar etmək üçün insanlar daha çox pestisid və odlu silahdan istifadə edirlər.

    Səhiyyə Nazirliyinin baş psixiatrı Teymur Qafarov isə media nümayəndələrinə müraciət edərək intihar xəbərlərini verərkən ehtiyatlı olmalarını tövsiyə edib. Onun sözlərinə görə, Azərbaycanda özünəqəsdlərin sayı dünya göstəriciləri ilə müqayisədə iki dəfə azdır. “İntiharların qarşısının alınması üçün silsilə tədbirlər görülməlidir. Bu çox mürəkkəb proses olduğuna görə cəmiyyətin digər üzvlərinin də payına düşən vəzifələr var. Qəsd edən insanların 80 faizi ətrafdakılara hansısa tərzdə işarə verirlər. Onlara sayqılı yanaşsaq, qəsdlərin sayını xeyli dərəcədə azaltmaq olar”,-T.Qafarov əlavə edib.

    T.Qafarov qeyd edib ki, saytlar intiharlarla bağlı xəbərlərin başlıqlarını çox vahiməli şəkildə verir. Medianın bu hadisələri işıqlandırmasından çox şey asılıdır. Həssas ifadələr axtarılmalıdır. Qınaq, tənqid xarakterli, eləcə də sərt ifadələrin işlədilməsi ilə media nümayəndələri onları aşağılayır və ya bəzi hallarda insanları intihara sövq edirlər. Mütəxəssis onu da deyib ki, hər bir qəsd ondan qabaq cəhdlərlə müşahidə edilir. intiharlar əsasən 15-29 yaş və 65 yaşdan yuxarı insanlar arasında qeydə alınır. İntiharın səbəbləri müxtəlifdir. Səbəb çox vaxt məlum olmur, çünki onu adətən intihar edən şəxs bilir.

    “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin direktoru Kəmalə Aşumova daxil olan zənglər barədə məlumat verib. Bildirib ki, hər il “qaynar xətt”ə daxil olan zənglərin sayı 2500-3500 arasında dəyişir. Bu il oktyabr ayına qədər olan statistik məlumata əsasən, 3460 zəng daxil olub: “Zənglərin sayında artım var. Çünki texniki şərait dəyişir, texnologiyalar yenilənir, maarifləndirilmə işləri də aparıldığı üçün məlumatlılıq artır və zənglər çoxalır”.

    ◀▶
    Müraciətlər əsasən, sosial təhlükəli vəziyyətlər, uşaqların psixoloji zorakılığa məruz qalması, etinasızlıq halları ilə bağlı olub. Xidmət hazırda 4 uşaqla iş aparır. “Onlar özünə inamsızlıq, yaşamamaq hissi ilə bağlı müraciət ediblər. Təşkilat olaraq uşaq problemləri ilə də məşğul olduğumuz üçün 2019-cu ildə aldığımız rəsmi məlumatlara görə, Azərbaycanda yetkinlik yaşına çatmayan 7 uşaq öz həyatına qəsd edib”,-xidmət rəhbəri söyləyib.

    “Qaynar xətt” xidmətinə müəllimlər, məktəb direktorrları, valideynlər, həmçinin uşaqların özləri tərəfindən müraciətlər daxil olur. K.Aşumova nümunə göstərib: “Məsələn, uşaq müraciət edir ki, atam anamla görüşməyə qoymur və ya əksinə. Bunlar hamısı uşağın emosional vəziyyətinə təsir edirsə, deməli bu, psixoloji zorakılıqdır. Elə olur ki, uşağı təsir altına salırlar, valideynə nifrət hissi oyadırlar. Bunlar bizdə psixoloji zorakılıq faktı kimi qeydə alınır. Təbii ki, bunlar araşdırılır, təşkilat olaraq onları dövlət qurumlarına yönəldirik”.

    Tədbirdə məlumat verilib ki, Avropa telekommunikasiya şəbəkəsinin yeganə uşaq “qaynar xətti” (116-111) ötən həftə Azərbaycanda fəaliyyətə başlayıb. Artıq telefon xidməti aktivdir. Dövlət qurumlarına da yönəldilib, regionlarda da yoxlamalar aparılıb.

    Rubrika.Az


    Facebook-da paylaş