• Ən böyük SƏADƏT elə həqiqəti görməkdir!

    Ən böyük SƏADƏT elə həqiqəti görməkdir!

    "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir".

    Müəllim haqqında ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamları bu müqəddəs peşə sahiblərinin hansı böyük missiyanın daşıyıcıları olduqlarını göstərir. Ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllimlərimiz hər zaman olub və bu gün də var. Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.
    Məhşur pedaqoq V.A.Suxomlinski "Yaxşı müəllim nə deməkdir?" sualına belə cavab vermişdir: "Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünya görüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər... Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss edən insan olmalıdır".
    Bütün bu sözləri yazdıqca gözlərimizin önündə əsl müəllim surəti canlanır. Bəlkə də çoxları öz sevimli müəllimlərini xatırlayır, onları gözləri önündə canlandırır. Mən isə ömrünü müəllim adının ucalığını qorumağa, bu ucalığa nur saçmağa həsr edən Səadət xanım Veysovanı xatırlayıram. Tanıdığım ən gözəl müəllimi, pedaqoqu, təhsil müəssisəsinin rəhbərini...Bu sözləri heç də bəlağət xatirinə gəlişi gözəl söz olsun deyə demirəm. Çünki Səadət xanımı tanıyanlar onun necə böyük bir ürəyə sahib olduğunu, müqəddəs bir amala xidmət etdiyini yaxşı bilirlər.
    Səadət xanım üçün vəzifənin böyüyü-kiçiyi yoxdur. Vəzifə onun üçün qarşıya qoyulan böyük məqsədlərə çatmaq üçün kiçik bir vasitədir. Elə 20 saylı məktəb-liseydə gördüyü işlərə, yaratdığı şəraitə baxdıqda bunun əyani şahidi olursan. Səadət xanım rəhbərlik etdiyi məktəbi respublika miqyasında deyil, onun hüdudlarından da kənarda tanınan bir təhsil ocağına çevirməyi bacarıb. Çünki qalib olmaq, qarşıya qoyulan məqsədi reallaşdırmaq onun həyat fəalsəfəsidir!
    2017-ci ildə məktəbin direktoru vəzifəsinə S.Veysova təyin olunduqdan sonra bu təhsil müəssisəsinin yeni dövrü başlanıb. Bu gün məktəbdə Azərbaycan və rus bölməsi ilə birlikdə, 123 sinifdə 3819 şagird təhsil alır. Burada 263 müəllim çalışır. Məktəbin məzunları yüksək ballarla ali təhsil ocaqlarına qəbul olunublar. Respublikada keçirilən fənn olimpiadalarında da məktəbin şagirdləri yüksək nailiyyətlər əldə ediblər. Təbii ki, bütün bunlar gərgin zəhmətin, məsuliyyətin bəhrəsidir. S.Veysovanın yüksək pedaqoji ustalığı, tələbkarlığı məktəbdə əsl pedaqoji mühitin yaranmasına səbəb olub. Qısaca olaraq kollektivin 2018-2019-cu tədris ilində qazandığı uğurlu göstəricilərə nəzər salsaq dediklərimiz öz təsdiqini tapar. Məktəbin məzunlarından Əliyev Əli Rauf oğlu 579 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə, Hüseynli Orxan İlham oğlu 597 balla Azərbaycan Dövlət Neft Akademiyasının İnformasiya Təhlükəsizliyi fakültəsinə, Hüseynli Aslan İlham oğlu 633 balla UFAZ Neft və qaz mühəndisliyi fakültəsinə, Məmmədov Kənan Cavid oğlu 639 balla UFAZ Kompüter elmləri fakültəsinə, Gülalıyev Raul Ramiz oğlu 523 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz mühəndisliyi fakültəsinə, Həşimov Əliəskər Rəşad oğlu 550 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinə, Məhərrəmov Emin Məhəmməd oğlu 590 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, Hacıyev Çingiz Zərbəli oğlu 614 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə olunması fakültəsinə, Hüseynov İslam Zahid oğlu 623 balla Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi fakültəsinə qəbul olunmuşlar. Bu siyahıya məktəbin müxtəlif ölkə və beynəlxalq miqyaslı fənn olimpiadalarında, idman yarışlarında qazandığı uğurları da əlavə etsək çox uzun bir siyahı alınar. Amma, Səadət xanım bütün bunları statistika xatirinə etmir- bu vətənə, millətə,dövlətə olan sonsuz sədaqətdən doğan bir xidmətdir. Şərəfli bir xidmət!
    Səadət müəllimə bütün həyatını Azərbaycan təhsilinə sərf edib. Sadə müəllimlikdən başlayaraq məsul vəzifələrə qədər yüksəlib. Müəllim adının ucalığını qoruyub, öz əməlləri ilə bunu sübut edib. Bu gün ölkəmizdə sayılıb-seçilən neçə-neçə görkəmli ellm, dövlət xadiminin, alimin uğur səlnaməsində onun imzası, əməyi var.
    Lakin təəssüflər olsun ki, qaranlıq məqsədlər güdən, qazanılan uğurları gözü götürməyən bəzi şəxslər sosial şəbəkələrdə, müxtəlif saytlarda bu görkəmli müəllim,tanınmış pedaqoq haqqında əsassız məlumatlar yayır, şər-böhtan səsləndirirlər. Belə böhtanlar, iftiralar 20 saylı məktəb-liseyin kollektivi, məktəbdə təhsil alan şagirdlərin valideynləri tərəfindən narazılıqla qarşılanır. Mövqeyini öyrəndiyimiz müəllimlər, valideynlər belə yalanların, böhtanların əsassız olduğunu bildirirlər. Onlar bildirir ki, Səadət xanım hər bir şagird üçün müəllimdən əvvəl anadır. Bir ananın övladı üçün çəkə biləcəyindən də artıq zəhmət çəkir, can yandırır. Onun məsuliyyəti, fərdi yanaşma qabiliyyəti məktəbdə əsl pedaqoji mühitin formalaşmasına şərait yaradıb. Səadət müəllimə şagirdlər üçün həm mehriban ana, həm də tələbkar müəllimdir. Məhz bu iki amilin vəhdəti məktəbdə nizam-intizamı, təhsilin keyfiyyətini yüksək səviyyəyə qaldırıb. Valideyn olaraq övladlarımızın taleyi üçün narahatlıq keçirmirik. Bilirik ki, övladlarımızın təhsil və tərbiyəsi etibarlı əllərdədir. Səadət müəllimə burada elə mühit yaradıb ki, şagirdlər arasında bəhsləşmə yaransın. Daha yaxşı oxumaq üçün, sanki, bir yarış gedir. Məktəb bilik ocağına çevrilib. Göründüyü kimi atılan böhtanlar, deyilən yalanlar yalnız ikrah hissi doğurur. Çünki, yalan ayaq açsa da yeriyə bilməz. Cılız məqsədlərin, gülünc ideyaların arxasınca qaçanlar isə sonda hər zaman məğlub olacaqlar. Ən böyük səadət elə həqiqəti görməkdir!

    Həmidə Məmmədova
    Rubrika.Az


    Facebook-da paylaş