• Gürcüstan Ermənistanın blokadasına qoşulur - işğalçıdan Bakıya qarşı məkrli plan

    Gürcüstan Ermənistanın blokadasına qoşulur - işğalçıdan Bakıya qarşı məkrli plan

    Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana gedən yeganə tranzit avtomobil yolu (“Yuxarı Lars” gömrük-keçid məntəqəsi) bağlana bilər. Bu haqda ötən sayımızda məlumat vermişik. Həmin yolla işğalçı ölkəyə Rusiyadan dənli bitkilər (buğda), quş əti və digər ərzaq məhsulları və yüklər daşınır.

    Rubrika.Az “Yeni Müsavat”a istinadla bildirir ki, Ermənistana Gürcüstan vasitəsilə başqa yol da var: yüklər “Qafqaz” limanı, oradan bərə ilə Potiyə, oradan da Gürcüstan dəmir yolu vasitəsilə Ermənistana çatdırıla bilər. Lakin bu halda daşınma xərcləri artacaq ki, bu da nəticə etibarilə zəruri ərzaq məhsullarının, unun, çörəyin kəskin bahalaşması deməkdir. Paşinyan hökumətini ən çox narahat edən də budur.

    *****

    “Yeni Müsavat” xatırladır ki, keçən il sentyabrın 1-dən Gürcüstan hökuməti Rusiyadan Ermənistana idxal olunan taxıl məhsullarının ölkə üzərindən, yəni həmin yolla daşınmasına qadağa qoymuşdu. Ermənistan hökuməti uzun danışıqlardan sonra bu qərarı ləğv etməyə nail olsa da, göründüyü kimi, təhlükə sovuşmayıb. Məlumata görə, Gürcüstan hökuməti bu il oktyabrın 1-dən Rusiyadan Ermənistana idxal olunan məhsulların daşınmasını qadağan edə bilər. “Bu halda un, çörək və ətin kəskin bahalaşması müşahidə oluna bilər. Donuz və quş əti, habelə heyvan yemlərinin böyük əksəriyyəti də Rusiyadan idxal olunur”, - deyə Paşinyanın təbliğat ruporu olan “Jamanak” qəzet bu günlərdə yazmışdı.

    Maraqlıdır ki, Ermənistan üçün “İran nəfəsliyi”nin də qapanmaq təhlükəsi var. Səbəb əlbəttə ki, ABŞ-İran münasibətlərində yaşanan böhrandır. Bu məsələ hazırda ABŞ-da olan Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın səfər proqramında mərkəzi yer tutur. Belə ki, ABŞ Atlantik Şurasının iclasında çıxışı zamanı Mirzoyan ABŞ-İran gərginliyinin Ermənistan iqtisadiyyatına neqativ təsir göstərdiyini bildirib, Amerikadan maddi dəstək xahiş edib və deyib: “Biz istərdik ki, ABŞ anti-İran sanksiyaları kontekstində Ermənistana çox təzyiq göstərməsin. Ermənistan bunun bədəlini ödəyə bilməz”.

    *****

    Son baş verənlər, o sırada işğalçı ölkənin blokadasına Gürcüstanın da doyasıyla qoşulma ehtimalı fonunda Keşikçidağ məbədi ətrafında yaranan növbəti gərginlik xüsusi diqqət çəkir. Yada salaq ki, bir neçə gün öncə Azərbaycan Dövlət Sərhəd Xidməti Keşikçidağda baş verən hadisə haqqında məlumat yayıb. Məlumatda deyilir ki, 14 iyul 2019-cu il tarixdə DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. Hadisə ilə bağlı təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddətdə aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

    Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib. Məsələ ilə bağlı həmçinin Gürcüstanın Azərbaycandakı səfiri bazar ertəsi günü Xarici İşlər Nazirliyinə çağırılıb və ondan müvafiq izahat istənilib.

    Öz növbəsində Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ Məbədi-Kompleksində iyulun 14-də baş verən insidentlə bağlı məlumat yayıb və faktiki, öz vətəndaşlarını qınayıb. Yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb. Məlumatda o da qeyd olunub ki, bu cür insidentlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil. Gürcüstan XİN, eyni zamanda ictimaiyyəti təxribatlardan çəkinməyə çağırıb.

    *****

    Problem də elə olayın təxribat xarakterli olmasındadır. Aydın məsələdir ki, işğalçı Ermənistan düşdüyü hazırkı qəliz durumda heç vaxt olmadığı qədər Gürcüstanla Azərbaycanın arasını vurmaqda maraqlıdır. Rusiya da bunda az maraqlı deyil. Həm də o səbəbə ki, o halda bölgədən Avropaya doğru uzanan transmilli neft-qaz kəmərləri və kommunikasiya xətlərinin normal fəaliyyəti və təhlükəsizliyi sual altına düşərdi. Azərbaycanın “qərb qapısı” bağlana, qərbyönlü Gürcüstan isə Rusiyadan daha güclü asılılığa düşərdi. Politoloqlar da insidentin bu tərəfinə diqqət yönəltməyin tərəfdarıdırlar.

    “Hazırda facebook-da çoxları provokatorlara atəş açmayan Azərbaycan sərhədçisi haqda qəzəbli statuslar paylaşır. Hesab edirəm ki, o, tamamilə doğru hərəkət edib. Belə ki, bu provokasiya genişmiqyaslı konfliktin alovlandırılması üçün istifadə ediləcək qurbanın yaradılmasına hesablanmışdı”.

    Bu sözləri özünün facebook səhifəsində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov insidentin səbəblərini şərh edərkən yazıb (Axar.az). “”Reqnum" agentliyindən mənə zəng etdilər və yaranan situasiyanı (Keşikçidağla bağlı - red.) şərh etməyimi xahiş etdilər. Müsahibəmdə dedim ki, yaranan situasiyadan faydalananlar və bəlkə də onun sifarişçiləri ermənilər və Rusiyadakı erməniyönlü qüvvələrdir. Onların hədəfi isə Azərbaycan üçün Gürcüstandan “ikinci cəbhə” açmaqdır. Türkiyə, Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığı çoxlarını narahat edir. Gözlənildiyi kimi, “Reqnum” açıqlamanı çap etməkdən imtina etdi. Ona görə də mənim məsləhətim emosiyaları kənara qoyub, bunun kimə faydalı olacağını düşünmək, provokatorların tələsinə düşməməkdən ibarətdir. Əsgərə isə halaldır", - deyə o bildirib.

    Necə deyərlər, əlavə şərhə ehtiyac qalmır.

    Rubrika.Az


    Facebook-da paylaş